Məzmuna keç

Səməd Qaralov: “Gömrük sistemində reallaşdırılan islahatlar biznes mühitinin yaxşılaşdırılmasına münbit şərait yaradıb”

Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları Alman-Azərbaycan Xarici Ticarət Palatasında (AHK) bu qurumun Vergi, Gömrük və Hüquq məsələləri üzrə işçi qrupu ilə görüş keçirib.

E-huquq.az-ın xəbərinə görə, görüşdə DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov, Komitənin aidiyyəti struktur bölmələrinin rəhbərləri, AHK-nın icraçı direktoru Tobias Baumann və palatanın 40-dan çox üzvü iştirak edib. Görüşün keçirilməsində məqsəd Dövlət Gömrük Komitəsində həyata keçirilən islahatlar, yeniliklər, həmçinin "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqi ilə bağlı sahibkarları məlumatlandırmaq olub.

Səməd Qaralov bildirib ki, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi davamlı inkişaf strategiyasının tərkib hissəsi olaraq gömrük sistemində reallaşdırılan islahatlar biznes mühitinin yaxşılaşdırılmasına, ölkənin ixrac və tranzit potensialının artırılmasına, gömrük prosedurlarının sadələşdirilməsinə və şəffaflığın təmin olunmasına münbit şərait yaradıb.

Səməd Qaralov daha sonra gömrük sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər, "Yaşıl dəhliz" buraxılış sistemi ilə bağlı geniş təqdimatla çıxış edib.

AHK-nın Vergi, Gömrük, Hüquq Məsələləri İşçi qrupunun sədri Fərid İsayev qeyd edib ki, Alman-Azərbaycan Xarici Ticarət Palatası Dövlət Gömrük Komitəsi ilə əməkdaşlığa böyük önəm verir və mövcud əlaqələrin daha da inkişafı üçün qarşılıqlı fəaliyyətin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Görüşdə palata üzvləri tərəfindən təqdim olunan bir sıra məsələlər ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.