“Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədova təşkilatın fəaliyyəti ilə bağlı e-huquq.az-a müsahibə verib.
Müsahibəni təqdim edirik.
– Nilgün xanım, artıq 1 ilə yaxındır ki, “Femida Könüllüləri” Təşkilatı fəaliyyət göstərir. Ötən müddət ərzində təşkilatınız bir çox işlərə imza atıb, o cümlədən may ayında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə ədliyyə sahəsində könüllülüyün təşkilinə dair memorandum imzalanıb. Bu əməkdaşlıq Femida könüllülərinə və digər gənclərə nələr vəd edir?
– Əməkdaşlığımız sayəsində ədliyyə sahəsində könüllülük bu sahənin müxtəlif istiqamətləri ilə yaxından tanış olmaq və təcrübə qazanmaq üçün könüllülərə geniş imkanlar yaradacaq. Eyni zamanda gənc hüquqşünaslar üçün ədliyyə sahəsində könüllü fəaliyyət peşəkar şəbəkələrini genişləndirmək və gələcək karyeraları üçün vacib təcrübə əldə etmək baxımından əvəzolunmaz bir fürsətdir. Ədliyyə fəaliyyəti hüquq sisteminin ən vacib komponentlərindən biridir. Məhkəmə qərarlarının icrası, hüquqi sənədlərin hazırlanması və hüququn tətbiqi kimi proseslər ədliyyə sisteminin əsasını təşkil edir. Bu proseslərin effektiv və ədalətli aparılması üçün nəzəri biliklə yanaşı, yüksək dərəcədə praktiki təcrübə və məntiqi düşüncə bacarıqları tələb olunur. Hər bir hüquqi qərarın icrası yalnız qanunla deyil, həm də hüquq normalarının düzgün tətbiqi ilə bağlıdır. Bu baxımdan, ədliyyə sistemində çalışan şəxslərin, xüsusilə də gənc hüquqşünasların, tələbəlik illərindən başlayaraq peşəkar mühitdə fəaliyyət göstərmələri vacibdir. Onların ədliyyə sahəsində iştirak etməsi, qərarların həyata keçirilməsi ilə bağlı praktik təcrübə qazanaraq hüquqi proseslərin əsl mahiyyətini anlamağa kömək edəcək. Bu cür təcrübələr, həmçinin, gənc hüquqşünasların qanunların icrasında məsuliyyət daşımaq bacarığını, hüquqi problemləri effektiv şəkildə həll etmə və düzgün qərarlar qəbul etmə qabiliyyətlərini formalaşdırmağa və inkişaf etdirməyə böyük təsir göstərəcək.
– Ədliyyə Nazirliyi ilə əməkdaşlıq necə təşkil ediləcək?
– Artıq sentyabr-oktyabr aylarından etibarən könüllülərimiz “STEP I” mərhələsi üzrə müəyyənləşdirilmiş ərazi vahidlərinin icra, probasiya və qeydiyyat orqanlarında, “STEP II” mərhələsi üzrə isə Ədliyyə Nazirliyinin Aparatı, nazirliyin Ədliyyə Akademiyası və Məhkəmə Ekspertizası Mərkəzində fəaliyyət göstərmək şansı əldə edəcəklər. Bundan əlavə, Ədliyyə Nazirliyi ilə “Femida Könüllüləri” Təşkilatının birgə sosial və ixtisasyönümlü layihələrin icrası nəzərdə tutulur.
– Bəs könüllülük işi hansı qaydada aparılacaq?
– Namizədlər məhkəmə və vəkillik modulunda olduğu kimi, qeydiyyatdan keçdikdən qısa bir müddət sonra müsahibəyə dəvət edilir. Müsahibə zamanı namizədə seçdiyi istiqamət üzrə yəni, ədliyyə sahəsi ilə bağlı suallar veriləcək. Müsahibə nəticələrinə uyğun olaraq könüllülər “STEP I” mərhələsi üzrə seçdikləri qurumda 3 aylıq (həftədə 4 dəfə olmaqla) fəaliyyətə başlayır. Könüllünün 3 aylıq fəaliyyəti bu müddətdə müvafiq koordinator tərəfindən müşayiət edilir.
Şəbnəm Mehdizadə
