Məzmuna keç

“Rufo Gəncinski”nin adından pul tələb edən şəxsin məhkəməsi: “Dedi ki, buranı darmadağın edəcəyik”

Bakıda köşkə basqın edərək hədə-qorxu yolu ilə pul tələb etmədə təqsirləndirilən Mehdi Abbaszadənin cinayət işi üzrə məhkəməsində şahid və zərərçəkmiş dindirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Vüqar Quliyev ifadə verilib.

O bildirib ki, təqsirləndirilən şəxs kriminal aləmin nümayəndəsi olan "Rufo Gəncinski"nin adından istifadə edərək ona hədə-qorxu gəlib: "Mənə dedi ki, əlinin altında nə qədər pul varsa, mənə verməlisən. O, 5-6 adamla dayanmışdı. Mən də qorxdum və ona 600 manat verdim. Dedi ki, müdirinə zəng et, ver mənə danışım. Müdirimlə danışaraq mağazaya gəlməsini tələb etdi. Dedi ki, biz "Rufo Gəncinski"nin adamlarıyıq, əgər gəlməsən, buranı darmadağın edəcəyik".

Daha sonra zərərçəkmiş şəxs qismində Cahad Hacıyev dindirilib: "Təqsirləndirilən şəxs telefonda mənə hədə-qorxu gələrək köşkə gəlməyimi tələb etdi. Dedi ki, sən bizim böyük qardaşımız olan "Rufo Gəncinski" barədə artıq kəlmələr işlətmisən. Mən şəhərdən aralı olduğum üçün gələ bilmədim. Sonra işçim Vüqar dedi ki, mağazadan 600 manat götürüb getdilər".

Daha sonra hakim Azər Tağıyev məhkəmə istintaqının yekunlaşması ilə bağlı qərar qəbul edərək sözü dövlət ittihamçısı Tural Yaqubova verib. Dövlət ittihamçısı isə çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası avqustun 29-na təyin edilib.

Qeyd edək ki hadisə 2022-ci ilin noyabrında baş verib. Belə ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə noyabrın 19-da saat 4 radələrində Z.Xəlilov küçəsindəki köşklərdən birinə gələn bir nəfərin satıcını əlindəki alətlə hədələyib kassadan 600 manat pulu quldurluq yolu ilə talaması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Mehdi Abbaszadə müəyyən edilərək saxlanılıb. Ona qarşı 180.2.2-ci (təkrar soyğunçuluq), 180.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə soyğunçuluq), 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) və 178.2.2 (dələduzluq təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu