Bakıda arvadını boğaraq qətlə yetirməkdə təqsirləndirilən Nurəddin Məmmədovun cinayət işi üzrə məhkəmənin ilk baxış iclası keçirilib.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fuad Musayev ittiham aktını elan edib.
İstintaq materiallarında qeyd olunub ki, Nurəddin Məmmədov bu ilin aprelin 28-də yaşadığı Ramana qəsəbəsi ərazisindəki evində olarkən arvadı Aysu Məmmədovanın (red-ad, soyad şərtidir) naməlum şəxslə "WhatsApp"la görüntülü danışdığını görüb. O, arvadının əvvəllər də bir neçə dəfə başqa şəxslərlə əlaqəsi olduğunu aşkar etdiyindən ona xəyanət etdiyini güman edərək hiddətlənib.
Nurəddin telefonu arvadının əlindən alıb onun başına vuraraq sinəsindən itələyib, daha sonra mətbəx bıçağını götürüb. O, bıçağın dəstəyi ilə Aysunun təpə nahiyəsindən bir dəfə vuraraq onun sağlamlığına yüngül zərər vurub. Nurəddin mayın 5-də evə gəlib arvadı Aysunun yataq otağında "Whatsapp"la İlqar adlı şəxslə aralarında intim münasibət olması barədə söhbət apardıqlarını və yazışmaları gördükdən sonra, Ayşənin ona xəyanət etməsindən əmin olub. Nurəddin arvadı ilə mübahisə edə-edə mətbəx otağına daxil olduqdan sonra qəflətən hər iki əli ilə boğazından tutub yerə yıxaraq boğaraq öldürüb.
Təqsirləndirilən şəxs ona edilən ittihamla özünü təqsirli bilib. O, ifadəsində qeyd edib ki, hadisə ittiham aktında yazıldığı kimi baş verib: "Mən onu dəfələrlə bağışlamışam. Mən yoldaşıma "WhatApp"da yazırdım, lakin o onlayn ola-ola oxumurdu. İşdən tez buraxmışdılar, mən evə gəldim. Evə keçəndə gördüm ki, o kimləsə görüntülü pornoqrafik söhbətlər edir".
Daha sonra ailə sirlərinin yayılmaması səbəbindən məhkəmə prosesin qapalı keçirilməsi ilə bağlı qərar qəbul edib.
Qeyd edək ki hadisə bu ilin mayında paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Belə ki, araşdırmalarla 1996-cı il təvəllüdlü Nurəddin Məmmədovun rayonun Ramana qəsəbəsi ərazisində arvadı 2002-ci il təvəllüdlü Aysu Məmmədovanı (red.ad, soyad şərtidir) boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Nurəddin Məmmədov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu
