- 18:37
İran və ABŞ arasında danışıqların dördüncü raundu mayın 11-də Omanın paytaxtı Maskatda keçiriləcək.
E-huquq.az-ın məlumatına görə, İranın “Nour News” xəbər agentliyi adı açıqlanmayan rəsmiyə istinadən xəbər verir ki, İran və ABŞ arasında danışıqların dördüncü raundu bazar günü Maskatda keçiriləcək.
Qeyd edək ki, iki ölkə arasında nüvə müzakirələrindən ikisi Maskatda, biri isə İtaliyanın paytaxtı Romada keçirilib. Tərəflər görüşdən sonra verdikləri bəyanatlarda danışıqların müsbət atmosferdə keçdiyini qeyd ediblər.
2018-ci ildə ölkəsini İranla nüvə sazişindən birtərəfli qaydada çıxaran ABŞ prezidenti Donald Tramp mart ayında İran lideri Əli Xamneyiyə İranla birbaşa nüvə danışıqlarına çağıran və hədələr ehtiva edən məktub göndərib. İran Oman vasitəsilə məktuba cavab verib. Məktub trafikindən sonra Tehran və Vaşinqton aprelin 12-də əvvəlcə Omanda, sonra Romada və bir həftə ara ilə yenidən Omanda dolayı danışıqlar aparıblar.
Danışıqların dördüncü raundunun mayın 3-də Romada keçiriləcəyi açıqlanmışdı.Danışıqlara vasitəçilik edən Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi "X" sosial media hesabında danışıqların “logistik səbəblərə görə” təxirə salındığını açıqlamışdı.
Şəbnəm Mehdizadə