- 16:52
İspaniyanın şərqində iki gündür davam edən güclü yağışlar ciddi fəsadlara səbəb olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Valensiya, Kataloniya və Balear adalarında sel nəticəsində 4 nəfər ölüb, evlərində köməksiz qalan 2 mindən çox insan xilas edilib.
Ən çox zərər çəkən bölgələrdən biri olan Valensiyanın Oliva rayonunda evində sel sularının mühasirəsində qalan 79 yaşlı qadının meyiti tapılıb. Eyni ərazidə düşərgədə olan 64 yaşlı kişi isə ürək tutmasından vəfat edib. Kataloniyada da 2 qadının sel sularına düşərək öldüyü bildirilir.
Rəsmilərin məlumatına görə, bəzi ərazilərdə yağıntının miqdarı 650 millimetri ötüb. Xilasetmə qrupları və jandarm əməkdaşları qayıqlarla köməksiz qalan sakinləri təxliyə edir. İki düşərgədə qalan təxminən 2 min nəfər təhlükəsiz ərazilərə köçürülüb.
Güclü yağışlar səbəbindən evləri və iş yerlərini su basıb, avtomobillər yollarda qalıb, məktəblərdə dərslər dayandırılıb.
Yerli hakimiyyət orqanları sakinləri zərurət olmadıqda evdən çıxmamağa və yüksək ərazilərdə qalmağa çağırıb.
Meteoroloqlar yağışlı havanın axşam saatlarından etibarən bölgəni tərk edəcəyini gözləyirlər.
Şəbnəm Mehdizadə