- 17:38
ABŞ prezidenti Donald Trampın orduya daha sərt imic qazandırmaq məqsədilə Müdafiə Nazirliyinin (Pentaqon) adını “Müharibə Departamenti” olaraq dəyişdirmək niyyətindədir.
E-huquq.az Amerika mətbuatına istinadən xəbər verir ki, Ağ Evin yüksək rütbəli rəsmisi Trampın məsələ ilə bağlı görüş keçirəcəyini və sərəncam imzalayacağını bildirib.
ABŞ qanunlarına görə, Tramp Konqres tərəfindən qəbul edilən qanunvericilik olmadan Müdafiə Nazirliyinin adını dəyişə bilməz. Buna görə də Trampın sərəncamı ilə departamentin adının Müharibə Departamentinə dəyişdirilməsi üçün bütün lazımi prosedurlara başlayacağı və Pentaqonun lazımi hazırlıqları görəcəyi gözlənilir.
Ağ Evin mətbuata göndərilən gündəlik cədvəlində Trampın cümə günü günortadan sonra açıqlama verəcəyi göstərilsə də, elanın mövzusu açıqlanmayıb.
Müharibə Departamenti ABŞ Konstitusiyasının qüvvəyə mindiyi 1789-cu ildə yaradılıb. İkinci Dünya Müharibəsinin bitməsindən iki il sonra, 1947-ci ildə qəbul edilən qanunla onun adı Müdafiə Nazirliyi adlandırıldı.
Şəbnəm Mehdizadə