Məzmuna keç

İtaliyada bomba təhdidlərinə görə 300 məktəb təxliyə edilib

İtaliyada elektron poçt vasitəsilə daxil olan bomba təhdidləri ölkə üzrə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, təhdidlərdən sonra təhlükəsizlik məqsədilə təxminən 300 məktəb təxliyə edilib.

Təhsil naziri Cüzeppe Valditara bildirib ki, bomba xəbərdarlıqlarından sonra şagirdlər məktəblərdən çıxarılaraq təhlükəsiz ərazilərə yerləşdiriliblər. Nazir təhdidlərdən təsirlənən təhsil müəssisələrinin sayının arta biləcəyini də istisna etməyib.

Roma məktəblərindən birinin valideynlərə göndərdiyi məlumatda bütün şagirdlərin təhlükəsiz əraziyə köçürüldüyü və müəllimlərin nəzarəti altında olduqları bildirilib.

Hadisə ilə bağlı İtaliya polisi araşdırmalara başlayıb. Təhdidlərin mənbəyi və onların arxasında dayanan şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.

Şəbnəm Mehdizadə