"OpenAI" "LinkedIn"ə rəqib iş platforması hazırlayır


  • 8 Sentyabr 13:48

"ChatGPT"nin yaradıcısı olan "OpenAI", süni intellekt əsaslı yeni bir iş axtarış platforması üzərində işlədiyini rəsmən təsdiqləyib. "OpenAI Jobs Platform" adını daşıyacaq bu xidmətin 2026-cı ilin ortalarında istifadəyə verilməsi planlaşdırılır.

E-huquq.az xarici KİV-əistinadən xəbər verir ki, "OpenAI"ın bu addımı şirkətin əsas investorlarından biri olan "Microsoft"a məxsus LinkedIn platformasına birbaşa rəqib kimi qiymətləndirilir.

"LinkedIn" 2024-cü ildən etibarən iş axtarış təcrübəsini təkmilləşdirmək üçün süni intellekt inteqrasiyalarını artırmışdı. "OpenAI" isə bu sahədə daha irəli gedərək, maşın öyrənməsi alqoritmləri vasitəsilə iş axtaranlarla işəgötürənlər arasında yüksək səviyyəli əlaqələr qurmağı hədəfləyir.

Platforma həm iş axtaranlar üçün daha geniş imkanlar yaradacaq, həm də işəgötürənlər üçün daha dəqiq uyğunluq təmin edəcək.

"OpenAI"ın tətbiqlər üzrə icraçı direktoru Fidji Simo bildirib ki, bu platforma təkcə texnoloji bir yenilik deyil, eyni zamanda əmək bazarında imkanları artıracaq bir vasitə olacaq. Onun sözlərinə görə, süni intellekt insanları işsiz qoymaq əvəzinə, daha çox fürsətin qapılarını açacaq.

Şirkət, işəgötürənlərə axtardıqları profillərə ən uyğun namizədləri tapmaq üçün alətlər təqdim etməyi, namizədlərə isə bacarıq və təcrübələrinə uyğun iş imkanlarına çıxış imkanı yaratmağı vəd edir.

Son illərdə bir çox namizədlər CV və müraciətlərini fərqləndirmək üçün "ChatGPT" kimi süni intellekt alətlərindən istifadə edirlər. Lakin mütəxəssislər bu metodun hər zaman uğur vəd etmədiyini bildirirlər. Çünki bəzi platformalar müraciətləri süni intellektlə filtrdən keçirir, bəziləri isə insan tərəfindən hazırlanmış sənədlərə üstünlük verir.

"OpenAI"ın bu addımı süni intellekt əsaslı işə qəbul texnologiyalarının sürətlə yayılmasına səbəb olacaq. Sektor mütəxəssisləri hesab edirlər ki, 2026-cı ildən etibarən iş axtarışı və işə qəbul proseslərində süni intellekt platformaları əsas rol oynayacaq.

Bu isə "LinkedIn" və oxşar platformalarla rəqabətin daha da kəskinləşəcəyini göstərir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər