- 8 Sentyabr 23:28
"OpenAI" "ChatGPT" istifadəçilərinin uzun müddətdir tələb etdiyi "söhbət şaxələndirməsi" (conversation branching) xüsusiyyətini istifadəyə verib. Bu yenilik, bir dialoqdan müxtəlif ssenarilər çıxarmağa və alternativ ideyalar üzərində paralel işləməyə imkan yaradır.
E-huquq.az xarici nmətbuata istinadən xəbər verir ki, yeni funksionallıq sayəsində istifadəçilər istədikləri istənilən cavabın üzərinə gələrək "daha çox seçim" menyusundan "yeni söhbətə keçid” seçimini edə bilirlər. Bu zaman mövcud dialoq olduğu kimi qalır, eyni mətndən çıxış edən yeni bir söhbət pəncərəsi açılır. Beləliklə, istifadəçi əsas söhbəti itirmədən fərqli ssenariləri yoxlamaq imkanı əldə edir.
Əvvəllər istifadəçilər ya mövcud söhbəti dəyişdirməklə davam etməli, ya da sıfırdan yeni bir dialoq açmalı olurdular. Bu isə həm iş axınını pozur, həm də yaradıcılığı məhdudlaşdırırdı. Yeni sistem isə "bəs belə olsaydı necə olardı?" sualına cavab tapmaq üçün daha çevik imkanlar təqdim edir.
Mütəxəssislərin fikrincə, bu xüsusiyyət proqramlaşdırmadakı "Git branch" (şaxələndirmə) sisteminə bənzəyir. Necə ki, proqramçılar əsas kodu dəyişmədən yeni şaxələrdə təcrübələr aparır, "ChatGPT" istifadəçiləri də mövcud cavablardan çıxış edərək alternativ ideyaları sınaqdan keçirə biləcək.
Tədqiqatlar göstərir ki, böyük dil modelləri ilə aparılan ardıcıl söhbətlər layihə planlaması və informasiya toplama kimi hallarda effektivliyi azaldır. Yeni funksionallıq isə bu məhdudiyyətlərin qarşısını almağı hədəfləyir.
"Anthropic" şirkətinin inkişaf etdirdiyi "Claude" modeli artıq bir ildən çoxdur ki, şaxələndirmə funksiyasına malikdir. Lakin "ChatGPT"nin geniş istifadəçi bazasına görə bu yeniliyin daha böyük təsir yaradacağı gözlənilir.
Ekspertlər bildirirlər ki, istifadəçilər süni intellekti bəzən "mütləq həqiqət mənbəyi" kimi qəbul etdikdə yaradıcılıq azalır. Şaxələndirmə funksiyası isə süni intellektin bir "vasitə" olduğunu vurğulayaraq, fərqli baxış bucaqlarını sınamağa, fərziyyələri təsdiqləməyə və ya təkzib etməyə şərait yaradır.
"OpenAI" gələn aydan etibarən "ChatGPT" üçün valideyn nəzarəti funksiyasını da istifadəyə verməyi planlaşdırır. Bu addım, "ChatGPT" ilə aylarla yazışdıqdan sonra intihar edən bir gəncin ailəsinin şirkətə qarşı açdığı məhkəmə işindən sonra gündəmə gəlib.
Şəbnəm Mehdizadə