Venesuela: "Beynəlxalq narkotik ticarəti ilə əlaqəli gizli uçuş zolağı məhv edildi"


  • 8 Sentyabr 14:01

Venesuela beynəlxalq narkotik ticarəti ilə əlaqəli olduğu iddia edilən gizli uçuş zolağının məhv edildiyini açıqlayıb.

E-huquq.az xəbər verir ki, Venesuela xəbər agentliyi "Telesur"un məlumatına görə, Bolivar Milli Polisi (PNB) ölkənin Falcon əyalətinin kənd ərazisində keçirilən əməliyyat zamanı beynəlxalq narkotik ticarəti ilə əlaqəli olduğu iddia edilən uçuş və eniş üçün istifadə edilən uçuş-enmə zolağının yararsız hala düşdüyünü açıqlayıb.

Açıqlamada uçuş-enmə zolağının təxminən 500 metr uzunluğunda olduğu vurğulanıb və bölgədə narkotik kartellərinə qarşı əməliyyatların qətiyyətlə davam etdiriləcəyi bildirilib.

Müdafiə naziri Vladimir Padrino Lopez dövlət televiziyasına bildirib ki, ölkəsi Karib dənizi regionunda hərbi mövcudluğunu gücləndirəcək.

Lopez Venesuelanın Karib dənizi və Atlantik cəbhəsi kimi tanınan 5 ştatda hərbi varlığının xüsusi olaraq gücləndiriləcəyini bildirərək, tədbirin prezident Nikolas Maduronun göstərişi ilə atıldığını bildirib.

Lopez, Kolumbiya ilə həmsərhəd olan Apure əyalətində narkotik kartellərini hədəf alan əməliyyatların davam etdiyini xatırladaraq, "Heç kim bizim yerimizə bu işi görməyə gəlməyəcək. Heç kim bu torpaqlara ayaq basmayacaq və etməli olduğumuz işi görməyəcək" deyə bildirib.

Venesuela vitse-prezidenti Delsi Rodriqez də ABŞ-ın Karib dənizindəki hərbi varlığına münasibət bildirərək, "Biz Venesuelaya qarşı ciddi təhdidlərin olduğunu bilirik, ölkəmizə qarşı hücumların olduğunu bilirik. Bununla belə, Venesuelada istehsal prosesini dayandırmaq mümkün deyil" deyib.

ABŞ ilə Venesuela arasında son günlərdə artan siyasi və hərbi gərginlik beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevrilib. ABŞ Prezidenti Donald Trampın imzaladığı fərmana əsasən, Latın Amerikası mənşəli narkotik kartellərinə qarşı mübarizə məqsədilə ABŞ ordusunun daha fəal şəkildə istifadə olunması tapşırılıb.

Vaşinqton administrasiyası, Venesuela Prezidenti Nikolas Maduronun 10 ildən artıq müddətdə narkotik qaçaqmalçılığı ilə məşğul olan "Cartel de los Soles" adlı kartelin lideri olduğunu iddia edir. ABŞ Maliyyə Nazirliyi 25 iyul tarixində bu qrupu “Xüsusi Təyin olunmuş Qlobal Terrorçu” təşkilat kimi tanıyıb.

ABŞ hökuməti, Maduroya qarşı məlumat verən şəxslərə veriləcək mükafatı 25 milyon dollardan 50 milyon dollara qədər artırdığını da 8 avqustda elan edib.

Nikolas Maduro isə ABŞ-ın mümkün hərbi müdaxiləsinə sərt reaksiya verib. O, 18 avqustda etdiyi çıxışında bildirib: "Dənizlərimizi, səma məkanımızı və torpaqlarımızı biz qoruyuruq, biz azad edirik, biz müşahidə edib patrul xidməti aparırıq. Heç bir imperiya Venesuelanın müqəddəs torpaqlarına toxuna bilməz və Cənubi Amerikanın müqəddəs torpaqları toxunulmaz qalmalıdır."

Donald Trampın təlimatı ilə 28 avqust tarixində Karib dənizi istiqamətində Venesuela sahillərinə doğru hərəkət edən bir sualtı qayıq və 7 hərbi gəmidən ibarət ABŞ dəniz donanması yola salınıb.

Bu addım ABŞ və Venesuela arasında gərginliyin daha da artacağına işarə kimi qiymətləndirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər