Tramp administrasiyası Massaçusets ştatında yeni miqrasiya əməliyyatına start verdi


  • 8 Sentyabr 15:03

ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiya Massaçusets ştatında ölkəyə qeyri-qanuni yollarla daxil olmuş və cinayət törətdiyi bildirilən miqrantların deportasiyası məqsədilə yeni əməliyyata başlayıb.

E-huquq.az xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyindən (DHS) CNN-ə verilən açıqlamada bildirilir ki, "Patriot 2.0" adlandırılan bu əməliyyat may ayında başlanan əməliyyatın davamıdır və ABŞ Gömrük və Miqrasiya Xidməti (ICE) tərəfindən həyata keçirilir.

Açıqlamada Massaçusetsin paytaxtı Bostonun meri Mişel Vunun həyata keçirdiyi "sığınacaq şəhər" siyasəti tənqid olunub. DHS bu siyasətin cinayətkarları cəlb etdiyi və ictimai təhlükəsizliyi təhdid etdiyi fikrini müdafiə edir.

Nazirlik əlavə edib ki, yerli orqanlar tərəfindən sərbəst buraxılan cinayətkar miqrantlar ICE tərəfindən saxlanılaraq ölkədən çıxarılacaq.

Boston meri Mişel Vu açıqlamasında bildirib ki, şəhər rəhbərliyi bu əməliyyata öz resursları ilə dəstək verməyəcək.

Massaçusets ştatının qubernatoru Maura Healey isə MSNBC-yə verdiyi açıqlamada bu əməliyyatın ictimai təhlükəsizliklə deyil, siyasi şou ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, bu, siyasi güc nümayişi və qorxu yaratmaq cəhdidir.

ABŞ Ədliyyə Nazirliyi Boston rəhbərliyinin "sığınacaq şəhər" siyasəti ilə bağlı merə qarşı məhkəmə iddiası qaldırıb. Daxili Təhlükəsizlik naziri Kristi Noem ayın əvvəlində bildirib ki, ICE yaxın aylarda ölkənin böyük şəhərlərində bu cür əməliyyatları genişləndirməyi planlaşdırır.

Digər tərəfdən, ICE tərəfindən ABŞ-ın Los Anceles şəhərində həyata keçirilən miqrant həbslərinə qarşı etiraz aksiyaları zamanı çox sayda etirazçı saxlanılıb. Bəzi hallarda etirazçılarla hüquq-mühafizə orqanları arasında qarşıdurmalar yaşanıb.

Gərginliyin artmasının qarşısını almaq məqsədilə Tramp administrasiyası Ulusal Qvardiya və Dəniz Piyadalarının bölgəyə yerləşdirilməsi qərarını verib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər