Belçikada yeni təhlükəsizlik planı - 55 milyon avro ayrıldı


  • 8 Sentyabr 15:16

Belçika hökuməti ölkənin böyük şəhərlərində artan narkotik ticarəti və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə məqsədilə əhatəli təhlükəsizlik planını təqdim edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, plan çərçivəsində polis və ordu qüvvələrinin birlikdə patrul xidmətləri həyata keçirməsi nəzərdə tutulur.

Son illərdə Belçika, xüsusilə narkotik alveri və bununla bağlı silahlı qarşıdurmalarla gündəmə gəlib. Avropanın ən böyük qapılarından biri olan Antverpen limanı Latın Amerikasından kokain daşınması üçün əsas mərkəzə çevrilib.

Buradan ölkəyə daxil olan narkotik maddələrin böyük hissəsi isə paytaxt Brüsseldə paylanır. Paytaxtda cinayətkar qruplar arasında baş verən ölümcül qarşıdurmalar isə hüquq-mühafizə orqanlarının gündəlik fəaliyyətinin əsas hissəsini təşkil edir.

Belçikanın Daxili İşlər naziri Bernard Kventin (Bernard Quintin) tərəfindən açıqlanan yeni təhlükəsizlik planına əsasən, Brüssel başda olmaqla ölkənin böyük şəhərlərində təhlükəsizlik tədbirləri ciddi şəkildə gücləndiriləcək.

Plan çərçivəsində, xüsusilə Brüsselin Anderlext, Molenbeek və Matonge kimi cinayət halları yüksək olan rayonlarında polis və hərbçilər birgə patrul xidmətinə başlayacaq.

Təhlükəsizlik planına uyğun olaraq, ictimai yerlərdə istifadə edilən müşahidə kameraları da yenilənəcək və vahid sistemə inteqrasiya ediləcək. "ANPR\@GPI" adlı sistem vasitəsilə hazırda fəaliyyət göstərən 4.500 kameranın birləşdirilməsi və bu sayın gələcəkdə 10.000-ə çatdırılması planlaşdırılır.

Nazir Brüsseldə hazırda altı müxtəlif bölgədə fəaliyyət göstərən polis idarələrinin birləşdirilərək vahid idarəetmə sisteminə keçəcəyini də açıqlayıb. Yeni strukturun bir polis rəisi tərəfindən idarə olunacağı bildirilir.

Planın icrası üçün ümumilikdə 55 milyon avro maliyyə vəsaiti ayrılıb və bu dəyişikliklərin 2027-ci ilə qədər tam şəkildə tətbiq olunması nəzərdə tutulur.

İlkin mərhələdə plan Brüssel ilə yanaşı, Anvers, Gent, Liege, Charleroi və Mons şəhərlərində həyata keçiriləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər