- 11:00
ABŞ Rusiya ilə sərhəddə yerləşən NATO üzvü olan Latviya, Litva və Estoniyaya göstərilən bəzi təhlükəsizlik yardımını dayandırmağı planlaşdırır.
E-huquq.az xəbər verir ki, bu barədə “Reuters“ Pentaqon rəsmilərinə istinadən məlumat yayıb.
Məlumatda deyilir ki, Pentaqon rəsmiləri avqustun sonlarında bir qrup Avropa diplomatı ilə görüşündə adı çəkilən ölkələrə yardımın dayandırılacağını bildiriblər.
Görüş zamanı Pentagon rəsmisi David Baker bildirib ki, Avropa artıq ABŞ-a bu qədər bağlı olmamalıdır. Prezident Donald Trampın rəhbərliyi altında, ABŞ ordusu diqqətini başqa prioritetlərə, o cümlədən ölkənin öz müdafiəsinə yönəldəcək.
Bu plan ABŞ Prezidenti Donald Trampın “Amerika Birinci” xarici siyasətini davam etdirdiyi bir vaxtda hazırlanır. Onun administrasiyası xarici yardımları kəskin şəkildə azaldıb və Avropa ölkələrini öz hərbi xərclərinin daha çox hissəsini ödəməyə təşviq edir.
Bəzi Avropa diplomatları isə bu addımın Rusiya prezidenti Vladimir Putini cəsarətləndirə biləcəyindən narahatdırlar.
Sentyabrın 10-da Rusiyanın Ukraynaya hücumu zamanı Polşanın hava məkanı dronlar tərəfindən dəfələrlə pozulub. Rumıniya hava məkanı sentyabrın 13-də Rusiya dronu tərəfindən pozulub. Sentyabrın 19-da isə Rusiyanın hərbi təyyarələri Estoniyanın hava məkanını pozub.
Mənbə: APA