Beyrutdakı xəstəxanalar ağır humanitar böhranla üzləşib


  • 15:47

İsrailin Livan üzərindəki intensiv hava hücumlarından sonra paytaxt Beyrutdakı xəstəxanalar ağır humanitar böhranla üzləşib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, həkimlər vəziyyətin daha da pisləşəcəyi ilə bağlı xəbərdarlıq edirlər.

Hücumlardan dərhal sonra yüzlərlə yaralı Beyrutdakı Amerika Universiteti Xəstəxanasına çatdırılıb.

Bir saatdan az müddətdə xəstəxanaya 76 yaralı gətirilib və bütün səylərə baxmayaraq 6 nəfəri xilas etmək mümkün olmadığı bildirilib.

Xəstəxananın baş həkimi Dr. Salah Zeineldine ağır yaralanan xəstələrin böyük hissəsinin uşaqlar olduğunu bildirib. Ölənlər arasında cəmi bir neçə həftəlik körpələrin olduğu qeyd edilib. Livan Səhiyyə Nazirliyi son hücumlarda ölənlərin sayının 303-ə yüksəldiyini, 1150 nəfərin yaralandığını açıqlayıb.

Xilasetmə qrupları dağıntılar altından cəsədləri çıxarmağa davam etdiyi üçün ölənlərin sayının artacağı istisna edilmir. Livandakı səhiyyə işçiləri hazırkı vəziyyəti 2020-ci ildə Beyrut limanında baş verən partlayışdan daha pis adlandırırlar.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həmçinin Livan xəstəxanalarındakı tibbi ləvazimatların bir neçə gün ərzində tükənə biləcəyi barədə xəbərdarlıq edib.
Xəstəxanalarda daha bir kritik problem isə enerji təchizatıdır.

Elektrik enerjisi kəsildiyi üçün generatordan istifadə edən səhiyyə ocaqları neftin qiymətinin artması səbəbindən yanacaq təminatında çətinlik yaşayır.

Həkimlər xəstəxanaların birbaşa hədəfə alınmadığı təqdirdə xidmət göstərməyə davam edəcəklərini vurğulayıb.

Dağıntılara baxmayaraq, Livan xalqı xəstəxanalara qan vermək üçün səfərbər olub. Livan Qızıl Aypara Cəmiyyətinin sosial mediada etdiyi zənglərdən sonra çoxlu sayda könüllü xəstəxanalara axın edib.

Livan Qızıl Aypara Cəmiyyətinin rəhbəri doktor Antuan Zoqbi qeyd edib ki, yeganə real həll yolu müharibəni dayandırmaqdır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər