Sudanda hər dörd nəfərdən biri məcburi köçkündür


  • 17:02

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Sudandakı nümayəndəsi Mari-Helene Verney ölkədə davam edən münaqişələr səbəbilə hər dörd nəfərdən birinin məcburi köçkün olduğunu açıqlayıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Verney Cenevrədəki BMT QAK ofisinin həftəlik mətbuat konfransında onlayn şəkildə iştirak edərək Sudandakı münaqişələrin artıq dördüncü ilinə qədəm qoyduğunu və bu müddət ərzində təxminən 14 milyon insanın qaçqın vəziyyətinə düşdüyünü bildirib. O, həmçinin müharibənin başladığı 2023-cü ilin aprelindən bəri 9 milyon sudanlının ölkə daxilində məcburi köçkün olduğunu, 4,4 milyon insanın isə xaricə qaçdığını açıqlayıb.

Verney, mülki şəxslərin xüsusilə təhlükə altında olduğunu vurğulayıb. O, münaqişə zonalarından qaçan insanların tez-tez zorakılıq, adam oğurluğu və digər təhlükəli hallarla qarşılaşdığını bildirib.

Rəsmi nümayəndənin sözlərinə görə, Sudan qaçqınlarının böyük əksəriyyətini qəbul edən qonşu ölkələr Çad, Misir və Cənubi Sudan artıq kritik bir mərhələyə çatıb. Bu ölkələrdə yardım və resurslar azalmaqdadır və məhdud imkanlar qaçqınların qarşısına qeyri-mümkün seçimlər çıxarır. Bu vəziyyət əksər qaçqınlar üçün daha da çətinləşən həyat şəraitinə yol açır.

Verney bildirib ki, münaqişənin nisbətən sakitləşdiyi ərazilərə qayıdan sudanlı məcburi köçkünlərin sayı artır. O, köçkünlərin 80 faizinin öz evlərinə geri döndüyünü, həmçinin qonşu ölkələrdən təxminən 890 min qaçqının Sudana geri qayıtdığını açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər