- 17:28
Avropa Komissiyası (AK) son on ildə ilk dəfə olaraq İran ətrafında yaranmış böhran səbəbilə Aİ ölkələrini təkcə “yaşıl enerji”ni deyil, həm də atom enerjisini inkişaf etdirməyə çağırıb.
E-huquq.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
“Biz karbon əsaslı yanacaqlardan həddindən artıq asılılığın nəticəsində həddindən artıq yüksək qiymət ödəyirik. Karbon resursları yaxın illərdə ən bahalı seçim olacaq. Lakin Avropada yaşıl və nüvə enerjisi istehsal etmək üçün bütün imkanlarımız var və biz bu strategiyanı həyata keçirəcəyik”, – fon der Leyen bildirib.
O, Aİ ölkələrini bu istiqamətdə işləməyə və Aİ iqtisadiyyatını daha fəal şəkildə elektrikləşdirməyə, o cümlədən nəqliyyat sistemləri və istilik təchizatını da əhatə etməyə çağırıb.
Onun sözlərinə görə, İran ətrafında böhranın başlanmasından Aİ-nin enerji resurslarının idxalı üçün xərcləri 22 milyard avro artıb.
Humay Eminqızı