- 14:31
Yaxın Şərqdəki müharibə və yanacağın qiymətlərinin artması səbəbindən, Avropada elektrikli avtomobil satışları mart ayında rekord səviyyəyə çataraq 540 min ədədin üzərində olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Londonda yerləşən məlumat analitik şirkəti Benchmark Mineral Intelligence, mart ayına dair elektrikli avtomobil satış statistikalarını açıqlayıb. Məlumata görə, mart ayında dünyada 1,75 milyon elektrikli avtomobil satılıb. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 3% artım, aylıq isə 66% artım deməkdir.
Avropada elektrikli avtomobil satışlarının rekord səviyyəyə çatmasının əsas səbəblərindən biri ABŞ-İsrail-İran münaqişəsindən sonra neft tədarükünün kəsilməsi və yanacaq qiymətlərinin artmasıdır. Bundan əlavə, subsidiyaların yenilənməsi ilə birlikdə sürücülər elektriklə işləyən avtomobillərə olan tələbi artırıb. Avropada mart ayında elektrikli avtomobil satışları ilk dəfə olaraq 540 minə yaxınlaşaraq, əvvəlki ayla müqayisədə 72%, illik müqayisədə isə 37% artım göstərib. Böyük Britaniya, Belçika, Finlandiya, Fransa, İtaliya, Portuqaliya və İspaniya isə rekord satışlara imza atmış ölkələr olaraq ön plana çıxıb.
Lakin mart ayında görülən bu artıma baxmayaraq, ilin ilk rübündə qlobal elektrikli avtomobil satışları keçən ilin eyni dövrü ilə müqayisədə 3% azalıb və 4 milyon ədəd təşkil edib. Çində 21% azalma ilə satışlar 1,9 milyon ədədə düşüb. Çinin Yeni ili səbəbindən fevral ayında satışların kəskin azalması, ümumi satış göstəricilərinə mənfi təsir göstərib. Şimali Amerikada isə satışlar 27% azalarak 320 minə geriləyib.
Elektrikli avtomobil satışlarında Avropa böyüməyə ən çox töhfə verən region olaraq qalmaqdadır. Avropada satışlar 27% artaraq 1,2 milyon ədədə çatıb. Dünyanın digər hissələrində isə artım 79% olaraq 600 min ədədə yüksəlib.
Benchmark Mineral Intelligence Data Manager Charles Lester, Avropanın mart ayında 540 min elektrikli avtomobil satışı ilə rekord bir ay keçirdiyini vurğulayaraq, bu artımın arxasında yanacaq qiymətlərinin yüksəlməsi və subsidiyaların təsirinin olduğunu qeyd edib. Lester, eyni zamanda elektrikli avtomobil satışlarına struktur təzyiqlərin təsir etməyə davam etdiyini və regional fərqlərin açıq olduğunu bildirib.
Şəbnəm Mehdizadə