Kallas: "Dəniz təhlükəsizliyi ilə bağlı güclü beynəlxalq koalisiyaya ehtiyac var"


  • 12:54

"Hörmüz boğazındakı gərginlik dəniz təhlükəsizliyi ilə bağlı güclü beynəlxalq koalisiyaya ehtiyac olduğunu göstərir".

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas söyləyib.

Çoxtərəfliliyə və beynəlxalq hüquqa yenilənmiş qlobal öhdəliyə çağıran Kallas dəniz yollarının getdikcə daha çox mübahisəli hala gəldiyini söyləyib.

"Bu gün Hörmüz boğazında baş verənlər, dəniz təhlükəsizliyi üzrə güclü beynəlxalq koalisiya üçün hələ də ən aydın çağırışdır. Bir çox təşəbbüslər masadadır, lakin məqsəd bu marşrutdan bütün yüklərin təhlükəsiz keçididir" - deyə Kallas bildirib.

Qlobal təhlükəsizlik, iqtisadi sabitlik və enerji təchizatının dəniz təhlükəsizliyi ilə sıx bağlı olduğuna diqqət çəkən Kallas Aİ-nin beynəlxalq hüququ pozaraq, xüsusilə də BMT-nin Dəniz Hüququ Konvensiyasına uyğun gəlməyən gəmiçilik azadlığını məhdudlaşdırmaq cəhdlərinə qarşı çıxacağını deyib. Yaxın Şərqdəki müharibəyə və Rusiya-Ukrayna müharibəsinə də toxunan Kallas, bu iki münaqişə zonasının İkinci Dünya Müharibəsindən sonra beynəlxalq hüququn ən ciddi pozuntusunu təşkil etdiyini qiymətləndirib.

Kallas həmçinin Təhlükəsizlik Şurasının beş daimi üzvünün veto hüququndan həddindən artıq istifadə etməsinin Şuranın münaqişə zonalarında problemləri həll etmək imkanlarını məhdudlaşdırdığını deyib. O, kütləvi vəhşilik hallarında veto hüququnu məhdudlaşdıran islahatların aparılmasının vacibliyini diqqətə çatdırıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər