- 19:35
İspaniyada hökumət 500 mindən çox qeyri-qanuni miqrantın qanuni yaşayış və iş icazəsi almasına imkan verəcək prosesə başlayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Nazirlər Şurasının qəbul etdiyi yeni qərar 2026-cı il yanvarın 1-dən əvvəl İspaniyaya daxil olmuş, orada ən azı 5 ay fasiləsiz qalan, heç bir cinayət hadisəsi törtəməyən, ictimai asayiş üçün heç bir təhlükə yaratmayan bütün qeyri-qanuni miqrantlara yaşayış və iş icazəsi üçün müraciət etməyə icazə verəcək.
Hökumət sözçüsü Elma Saiz prosesin düzgün davam etməsini təmin etmək üçün əlavə işçilər işə götürəcəklərini və müraciət müddətinin 30 iyunda bitəcəyini açıqlayıb.
Hazırda Çində olan baş nazir Pedro Sançez də məsələyə münasibət bildirib. Baş nazir deyib ki, qərar yarım milyona yaxın insanın reallığının tanınmasıdır.
"Bu həm də ədalət və zərurət aktıdır. Biz hüquqları tanıyırıq, eyni zamanda öhdəliklər də tələb edirik. Artıq gündəlik həyatımızın bir parçası olanlar bərabər şəraitdə yaşamalıdırlar", - deyə Sançez bildirib.
Qərara əsasən, İspaniyada qanuni yaşamaq istəyən qeyri-qanuni miqrantlar pasportlarının müddəti bitmiş olsa belə, müraciət edə bilərlər.
Böəzi partiyalar qeyri-qanuni miqrantlara hüquqi statusun verilməsinə qarşı çıxıb.
Rəsmi məlumatlara görə, 2002-ci ildən bəri İspaniyada yaşayan əcnəbilərin sayı iki dəfə artıb və hazırda mühacirlər ölkə əhalisinin 20 faizini təşkil edir.
Milli Statistika İnstitutunun (INE) son məlumatları göstərir ki, təkcə son üç ildə əcnəbilərin sayında iki milyon artım var.
Hazırda İspaniyada hüquqi statusu olmayan 840 min qeyri-qanuni miqrant yaşayır.
Şəbnəm Mehdizadə