- 12:24
"Reaktiv yanacaq tədarük zəncirində yaxın gələcəkdə fasilələr baş verə bilər və bu, narahatlıq doğurur".
E-huquq.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Anna-Kaysa İtkonen söyləyib.
O, Avropa Hava Limanları Şurasının (ACI Europe) reaktiv yanacaq təchizatında çatışmazlığın üç həftə ərzində baş verə biləcəyi barədə xəbərdarlığını şərh edib.
Hazırda Aİ-də təyyarə yanacağı qıtlığına dair hər hansı bir dəlil olmadığını deyən İtkonen qeyd edib ki, bu problemlər yaxın gələcəkdə yarana bilər.
"Bu, hazırda bizim əsas narahatlığımız olaraq qalır" - deyə İtkonen əlavə edib.
Aİ-dəki neft emalı zavodlarının təyyarə yanacağı istehlakının təxminən 70 faizini qarşıladığını vurğulayan İtkonen, qalan təyyarə yanacağı ehtiyacının idxaldan asılı olduğunu xatırladıb.
Onun sözlərinə görə, vəziyyətlə bağlı koordinasiyanı təmin etmək üçün həftəlik neft və təbii qaz koordinasiya qrupunun iclasları keçirilib, neft emalı zavodunun gücü və alternativ idxal yolları müzakirə edilib.
Qeyd edək ki, təchizat məhdudiyyətləri səbəbindən Avropa ölkələrində təyyarə yanacağının qiyməti müharibədən əvvəlki səviyyələrlə müqayisədə 100 faiz artaraq rekord həddə çatıb.
Fars körfəzindən, xüsusən də Avropadan reaktiv yanacaq tədarükünə çox bağlı olan regionlar tədarükün kəsilməsinə ən həssas olan bölgələrdir.
Bu tədarükün kəsilməsi səbəbindən İtaliyanın bəzi hava limanları təyyarə yanacağına məhdudiyyətlər qoyub, bəzi hava yolları isə müharibənin davam edəcəyi təqdirdə Avropada yay uçuşlarının risk altında ola biləcəyi barədə xəbərdarlıq edib.
Şəbnəm Mehdizadə