Ukraynanın İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets Rusiyanın qanunsuz ilhaq etdiyi Xerson vilayətində yerləşən Oleşki şəhərində humanitar əməliyyatın həyata keçirilməsi məqsədilə elan olunan atəşkəsə Ukrayna tərəfinin əməl etdiyini bildirib.
E-huquq.az xəbər verir ki, Lubinets bu barədə sosial şəbəkə hesabında bildirib.
O, Oleşki şəhərində humanitar yardım əməliyyatı ilə əlaqədar atəşkəs rejiminin qüvvəyə mindiyini qeyd edib.
Atəşkəsin Kiyev vaxtı ilə saat 03:00-da başladığını bildirən Ombudsman “Sükut rejimi başlayıb, Ukrayna tərəfi razılaşmalara əməl edir”, – deyə vurğulayıb.
Lubinets bölgədəki vəziyyətlə bağlı ictimaiyyətə məlumat verməyə davam edəcəklərini də bildirib.
O qeyd edib ki, humanitar missiya ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampın vasitəçiliyi və koordinasiyası, eləcə də Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Yana Lantratova ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Şəbnəm Mehdizadə
