Ümumdünya Meteorologiya Təşkilatının (WMO) məlumatına görə, 2025-ci ildə atmosferdə istixana qazlarının konsentrasiyası rekord səviyyəyə yüksəlib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, iqlim dəyişikliyinin əsas səbəblərindən biri hesab olunan istixana qazlarının atmosferdə toplanması davam edir.
WMO-nun yayımladığı yeni hesabatda bildirilir ki, 2025-ci ildə karbon qazı başda olmaqla əsas istixana qazlarının konsentrasiyası müşahidələrin başlanmasından bəri ən yüksək səviyyəyə çatıb.
Təşkilatın “İstixana qazları bülleteni” adlı hesabatına əsasən, atmosferdə karbon qazının qlobal orta konsentrasiyası 2025-ci ildə milyonda 426,8 hissəyə (ppm) yüksəlib. Bu göstərici 1750-ci ildəki, yəni sənayeləşmədən əvvəlki səviyyənin 153 faizinə bərabərdir. İnsan fəaliyyəti ilə əlaqəli metan və azot protoksidinin konsentrasiyası da rekord həddə çatıb.
Hesabatda qeyd olunur ki, hər il atmosferə buraxılan ümumi karbon qazının təxminən yarısı atmosferdə qalır, qalan hissəsi isə quru ekosistemləri və okeanlar tərəfindən udulur.
1960-cı illərdə atmosferdə karbon qazının illik orta artımı 0,8 ppm olduğu halda, 2011-2020-ci illərdə bu göstərici 2,4 ppm-ə yüksəlib. 2024-cü ildən 2025-ci ilədək atmosferdə karbon qazının qlobal orta konsentrasiyası isə 2,8 ppm artıb.
WMO-nun baş katibinin müavini Ko Barrett bildirib ki, istixana qazları atmosferdə getdikcə daha çox istiliyin saxlanmasına səbəb olur. Bu isə ekstremal hava hadisələri ilə yanaşı, iqtisadiyyat və cəmiyyətlər üçün riskləri də artırır.
Barrett müşahidələrin aparılmağa başlanmasından bəri qeydə alınan ən isti 11 ilin artıq geridə qaldığını xatırladaraq, mövcud tendensiyanın davam edəcəyinin gözlənildiyini bildirib. O, karbon qazının atmosferdə uzun müddət qalmasına diqqət çəkərək, bu qazın qlobal iqlimə təsirinin əsrlər boyu davam edə biləcəyini vurğulayıb.
WMO-nun baş elmi mütəxəssisi Oksana Tarasova bildirib ki, 2024-2025-ci illərdə atmosferdə karbon qazının artım tempinin əvvəlki dövrlə müqayisədə nisbətən zəif olması quru ekosistemlərində karbon udulmasının bərpası və yanğınlardan qaynaqlanan emissiyaların azalması ilə əlaqədardır.
Tarasovanın sözlərinə görə, 2023-2024-cü illərdə baş verən güclü El-Nino hadisəsi daha şiddətli quraqlıqlara, bitki örtüyünün qurumasına və meşə yanğınlarının artmasına səbəb olub. Bu şərait biosferin karbonu udmaq qabiliyyətini zəiflədib.
O, atmosferdə karbon qazının illik 2,8 ppm artmasının fosil yanacaqların istifadəsindən qaynaqlanan emissiyaların miqyasını da nümayiş etdirdiyini qeyd edib.
Tarasova bildirib ki, fosil yanacaqlardan istifadənin davam etməsi və quru ekosistemlərində karbonun udulmasına təsir göstərə biləcək güclü El-Nino hadisəsinin baş verməsi halında 2026-cı ildə atmosferdə karbon qazının konsentrasiyası daha da arta bilər.
Hesabatın nəticələri göstərir ki, istixana qazlarının atmosferdə toplanması uzunmüddətli qlobal istiləşməni gücləndirməkdə davam edir. Bu baxımdan, emissiyaların azaldılması və təbii karbon udma sistemlərinin qorunması iqlim dəyişikliyi ilə mübarizədə mühüm əhəmiyyət daşıyır.
Şəbnəm Mehdizadə
