ABŞ-nin kommersiya xam neft ehtiyatları ötən həftə əvvəlki həftə ilə müqayisədə təxminən 1,9 milyon barel azalıb.
E-huquq.az xəbər verir ki, ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, ölkənin kommersiya xam neft ehtiyatları 1 milyon 900 min barel azalaraq 410 milyon 600 min barelə enib.
Bazar iştirakçıları ehtiyatların təxminən 100 min barel artacağını gözləyirdilər.
Kommersiya ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da 100 min barel azalaraq 282 milyon 600 min barelə düşüb.
Hesabat dövründə ABŞ-nin benzin ehtiyatları isə 3 milyon 900 min barel artaraq 209 milyon 200 min barelə çatıb.
ABŞ-də gündəlik xam neft hasilatı 17-23 oktyabr həftəsində 723 min barel artaraq 13 milyon 992 min barelə yüksəlib.
Ötən həftə ölkənin gündəlik xam neft idxalı əvvəlki həftə ilə müqayisədə 616 min barel artaraq 6 milyon 374 min barel, ixracı isə 1 milyon 412 min barel artaraq 4 milyon 854 min barel olub.
EIA-nın oktyabr ayına dair açıqladığı “Qısamüddətli Enerji Perspektivi” hesabatında ABŞ-də gündəlik orta xam neft hasilatının bu il 13 milyon 870 min barel, gələn il isə 14 milyon 300 min barel olacağı proqnozlaşdırılıb.
Şəbnəm Mehdizadə
