Məzmuna keç

Əzələ sağlamlığı uzunömürlülüyün əsas göstəricilərindən biridir

Beynəlxalq mütəxəssislər insan əzələlərinin sağlamlığı uzunömürlülük, metabolik tənzimləmə və ümumi sağlamlıq üçün mühüm əhəmiyyət daşıyır.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Texas A&M Universitetinin professoru, uzunömürlülük üzrə mütəxəssis Nikolaas Deutz qeyd edib ki, əzələ sağlamlığının qiymətləndirilməsi qan təzyiqinin ölçülməsi qədər vacib ola bilər. Onun sözlərinə görə, əzələlər hərəkəti təmin etməklə yanaşı, qan şəkərinin tənzimlənməsində və iltihabın azalmasında da mühüm rol oynayır.

Mütəxəssislər vurğulayırlar ki, əzələ sağlamlığı yalnız əzələ kütləsi ilə ölçülmür. Güc, tarazlıq, hərəkətlilik, fiziki aktivlik və əzələ toxumasında toplanan yağ miqdarı da əsas göstəricilər sırasındadır. “Mass General Brigham” tibb mərkəzinin mütəxəssisi Fatima Kodi Stanford xüsusilə sürətlə çəki itirən şəxslərin əzələ funksiyasını qorumasının vacibliyini diqqətə çatdırıb. O, kifayət qədər zülal qəbulunu və müqavimət məşqlərini tövsiyə edib.

Mütəxəssislərə görə, bədən çəkisinin hər kiloqramına gündəlik 1,2-1,6 qram zülal qəbulu əzələ itkisinə qarşı faydalı ola bilər. Balıq, yumurta, süd məhsulları, quş əti, lobya və qoz-fındıq əsas zülal mənbələri hesab olunur. Əzələ sağlamlığını qorumaq üçün ağır çəkilərlə məşq etmək mütləq deyil. Bədən çəkisi ilə hərəkətlər, müqavimət lentləri və trenajorlar da əzələ gücünün saxlanmasına kömək edir.

Bundan əlavə, əl sıxma gücü, altı dəqiqəlik yerimə və stuldan qalxma testləri əzələ gücünü, dözümlülüyü, tarazlığı və hərəkətliliyi qiymətləndirmək üçün istifadə olunur. Xüsusilə yaşlı insanlara fiziki aktivliyə, zülal qəbuluna və əzələ funksiyalarının qorunmasına diqqət yetirmək tövsiyə edilir.

Şəbnəm Mehdizadə