Peruda aparılan arxeoloji qazıntılar zamanı təxminən 1600 il əvvəl yaşamış qədim Nazka xalqına aid məzarlıqda nadir anatomik anomaliyası olan körpənin skelet qalıqları tapılıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Kaliforniya Universitetinin antropoloqu Lars Fehren-Şmitsin “Live Science” nəşrinə verdiyi məlumata görə, tapıntı Perunun Palpa vadisində yerləşən qədim Nazka məzarlığında aşkar edilib. Körpənin kəllə sümüyündə üzün mərkəzində yalnız bir göz yuvasının olduğu müəyyənləşdirilib.
DNT analizləri zamanı körpənin 13-cü xromosomunun əlavə bir nüsxəsini daşıdığı aşkarlanıb. Alimlər bu genetik anomaliyanın trisomiya 13 (Patau sindromu) adlanan xromosom pozuntusu ilə əlaqəli olduğunu və nadir anadangəlmə qüsurun ehtimal olunan səbəbi ola biləcəyini bildiriblər.
Tədqiqatçılar körpənin nə qədər yaşadığını isə dəqiq müəyyən edə bilməyiblər.
Siklopiya adlanan bu nadir anadangəlmə qüsur embrionun ön beyninin erkən hamiləlik dövründə sağ və sol yarımkürələrə düzgün ayrılmaması nəticəsində yaranır. Bu zaman üzün mərkəzi hissəsində bir göz yuvası formalaşır.
Qeyd edək ki, qədim Nazka xalqına aid məzarlıq Perunun cənubundakı İka bölgəsində, Palpa vadisində yerləşən Xauranqa arxeoloji ərazisindədir.
Şəbnəm Mehdizadə
