Məzmuna keç

Misirdə 2 min illik məzarlarda qızıl əşyalar aşkarlanıb

Misirin şimalındakı Menufiya mühafəzəsində yerləşən qədim Tell Kom Abu Billo nekropolunda aparılan arxeoloji qazıntılar zamanı yüzlərlə daş sarkofaq, mumiyalama qalıqları və dil formasında qızıl əşyalar aşkar edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Misirin Turizm və Qədim Əsərlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu tapıntılar qədim misirlilərin dəfn adətlərini və axirət inanclarını daha dərindən anlamağa imkan verir. İlkin araşdırmalar göstərir ki, bu məzarlıqdan əsasən həmin dövrün orta təbəqəsinə mənsub insanlar istifadə ediblər.

Qazıntıların üst qatlarında aşkarlanan yüzlərlə daş sarkofaqın bir qisminin qapağı yoxdur, digərləri isə keçmişdə baş verən talanlar nəticəsində zədələnib. Ərazidə həmçinin insan formalı terrakota və taxta tabut qalıqları, çiy kərpicdən tikilmiş tağlı məzarlar, eləcə də rəngli dəfn örtüklərinin fraqmentləri tapılıb. Tabutlardakı insan qalıqlarının əksəriyyəti çürüsə də, mumiyalama zamanı istifadə olunan qatran izləri qalıb.

Tapıntılar arasında ən çox diqqət çəkən eksponatlar mərhumların ağzına qoyulan dil formalı qızıl əşyalardır. Qədim misirlilərin inancına görə, bu qızıl dillər ölülərin o biri dünyada danışa bilməsi üçün istifadə olunurdu.

Məzarlardan bundan başqa qızıl sırğalar, bəzək əşyaları və üzərində heroqliflər olan “uşabti” adlı kiçik heykəlciklər də çıxarılıb.

Şəbnəm Mehdizadə