Avropa Məhkəməsi Türkiyəyə qarşı (GÜRBÜZ AND BAYAR v. TURKEY) maraqlı bir qərar elan edib.
E-huquq.az xəbər verir ki, bu barədə vəkil Fariz Namazlı bildirib.
Onun sözlərinə görə, qərar Türkiyədə ifadə azadlığının pozulmaması ilə əlaqədardır:
"Türkiyədə yayımlanan “Ülkede Özgür Gündem” qəzeti 2004-cü ildə PKK-nın lideri, hazırda həbsdə olan Abdulla Öcalanın və PKK-nın rəhbər şəxslərindən biri və PKK-nın bir bölümü olan Kongra-Gel-in prezidenti Murat Karayılanın bəyanatını dərc edir. Həmin bəyanatda M.K. Türkiyə hökümətinə müraciət edərək hərbi əməliyyatları bitirməyə və barışığa çağırdı. A. Öcalansa bunun müsbət addım olduğunu bildirdi və əgər barışıq olmasa növbəti il partizan müharibəsinin başlayacağına işarə etdi. İstanbul prokurorluğu bu yazılara görə qəzetin sahibinə və baş redaktoruna qarşı cinayət işi başladı və onlar məhkəmənin qərarı ilə cərimələndi. Avropa Məhkəməsi göstərdi ki, dərc edilən yazıda terrora açıq çağırış və təhdidlər var və onun yayımlanması qəzeti məsuliyyətdən azad etmir. Beləcə məhkəmə ifadə azadlığı hüququnun pozulmaması nəticəsinə gəldi".
