Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül ABŞ Senatının 1915-ci il hadisələrini “erməni soyqırımı” olaraq xarakterizə edən qanun layihəsini qəbul etməsinə münasibət bildirib.
E-huquq.az-ın məlumatına görə, nazir deyib ki, ABŞ Senatının məlum qərarı Türkiyə hökuməti və xalqının gözündə yox səviyyəsindədir: "Tarixin və hüququn siyasiləşdirilməsi heç bir ölkəyə xeyir gətirməz. 1915-ci ildə baş verdiyi iddia edilən bütün hadisələrlə bağlı Türkiyə olaraq hər cür sənədi və arxivimizi açmağa hazır olduğumuzu dəfələrcə bəyan etmişik".
Tükiyənin bu istiqamətdə alimlər və tarixçilərlə birlikdə araşdırma aparmağa hazır olduğunu deyən Gül, ABŞ senatının qərarının heç bir mənası olmadığını qeyd edib: "Bu coğrafiyada əsarət altına girməyən və heç bir cəmiyyətə qarşı soyqırım kimi davranış göstərməyən tək millət Türk millətidir. Kiminsə kirli, qaranlıq tarixi və qanlı əlləri ilə ölləmizlə bağlı söz söyləməyə haqqı yoxdur".
Xatırladaq ki, ABŞ Senatı 1915-ci il hadisələrini “erməni soyqırımı” olaraq xarakterizə edən qanun layihəsini qəbul edib.
