Dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədilə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. Bu sahədə həyata keçirilən tədbirlər çərçivəsində “Elektron notariat” informasiya sisteminin tətbiqi hüquqi xidmətlərin təkmilləşdirilməsinə yönəlib.
E-huquq.az xəbər verir ki, bu fikirləri iyulun 8-də Ədliyyə nazirinin müavini Toğrul Musayev Azərbaycan Notariat Palatasının təsis yığıncağında deyib.
Ədliyyə nazirinin müavini bildirib ki, beynəlxalq təcrübədə yalnız bir neçə inkişaf etmiş ölkədə rast gəlinən belə sistem vasitəsilə notariat kontorları vahid şəbəkədə birləşdirilməklə notariat hərəkətlərinin rəsmiləşdirilməsi xeyli sadələşdirilib. Bu sistem fiziki və hüquqi şəxslərə daha çevik və keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, dövlət qurumlarının tələb etdiyi sənəd və arayışların sayının azaldılmasına və bununla da həmin qurumlara müraciət olunması zərurətinin aradan qaldırılmasına xidmət edir. Bu günədək həmin sistemdə 36 milyondan çox notariat hərəkəti barədə məlumat toplanıb.
