- 25 İyun 16:31
"Artıq bir neçə ildir hərbi hissəni və ya xidmət yerini müharibə vaxtı və ya döyüş şəraitində özbaşına tərk etmə cinayət hadisəsi hesabat dövrlərində qeydə alınmayıb. Bu da Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi xüsusi diqqət və qayğının, bu sahədə onun rəhbərliyi ilə həyata keçirilən islahatların nəticəsində yaranmış ciddi nizam-intizamın, Silahlı Qüvvələrin ən müasir tələblərə cavab verən səviyyədə formalaşdırılmasının təcəssümüdür".
E-huquq.az xəbər verir ki, bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev deyib.
O qeyd edib ki, cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla yaradılmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, eləcə də hələ ilin əvvəlindən planlaşdırılmaqla, il ərzində mütəmadi həyata keçirilmiş müxtəlif xarakterli birgə tədbirlərin də çox böyük əhəmiyyəti olub: "Belə ki, 2019-cu ilin birinci yarımili cinayətkarlığa qarşı mübarizə, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, hərbi qulluqçularda vətənpərvərlik hissinin gücləndirilməsi, onların asudə vaxtının təşkili, eləcə də təhqiqatın təşkili məqsədilə Respublika Hərbi Prokurorluğu ilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, DİN-nin Daxili Qoşunlarının komandanlığının və Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin birgə Tədbirlər planları təsdiq edilməklə, səmərəli şəkildə icra olunub. Eyni zamanda, həmin Tədbirlər planlarının əsasında bütün ərazi hərbi prokurorluqları tərəfindən əksər hərbi hissələrlə birlikdə Tədbirlər planları hazırlanaraq icraya yönəldilib".