Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz Vito" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən e-huquq.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin sağ qapısının cibində gömrük orqanlarına bəyan edilməyən 5 ədəd "Radiesse" markalı dərman preparatı aşkarlanıb.
Bundan başqa, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda balıq kürüsünün qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Belə ki, Kiyev-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus baqaja rentgen aparatı vasitəsilə baxış keçirərkən, monitorda şübhəli predmetlərin təsvir görünüb.
Yoxlama zamanı, vətəndaşa məxsus baqajın içərisində bir ədəd qarağat doldurulmuş iri həcmli şəffaf rəngli plastik qabda ümumi çəkisi 4312 qram olan qara rəngli balıq kürüsü aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
