- 3 Noyabr 09:41
 
                    
            Bəzi vətəndaşlar elə hesab edirlər ki, yaşayış (qeydiyyat) yeri olmadığı halda şəxsiyyət vəsiqəsi almaq mümkün deyil. Lakin qanunvericilik bu fikri təkzib edir. Azərbaycan Respublikasının qanunvericiliyi hər bir vətəndaşın şəxsiyyətini təsdiq edən sənədlə təmin olunmasını təmin edir və bu hüquq yaşayış yerindən asılı olmamalıdır. Konstitusiya Məhkəməsinin və Nazirlər Kabinetinin müvafiq qərarları da bu prinsipin qorunmasına yönəlib.
Hüquqşünas Rahim Abıyev e-huquq.az-a açıqlamasında deyib ki, yaşayış yeri (qediyyat yeri) olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməməsi qanunsuzdur.
"Bu, Azərbaycan Respublikasının Konstitusiyasının 12,24,26,71-ci maddələrinin, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun, Konstitusiya Məhkəməsinin şərhinin və Nazirlər Kabinetinin bununla bağlı sərəncamın pozulmasıdır. Konstitusiya Məhkəməsinin 2003-cü il tarixli şərhində də qeyd edilmişdir ki, "yaşayış yeri" bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas ola bilməz. Hətda həmin şərhdə bu məsələnin həll edilməsi təxirəsalınmadan təşkil edilməsi Nazirlər Kabinetinə tövsiyyə edilmişdir. Həmin şərh əsasında Nazirlər Kabinetinin 55 s nömrəli sərəncam qəbul etmişdir. Həmin sərəncama əsasən yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi nəzərdə tutulmuşdur. Yəni, qısaca desək, vətəndaş hər bir halda şəxsiyyət vəsiqəsi ilə təmin edilməlidir, yaşayış yeri olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsi verilməli “yaşayış yeri” bölməsində həmin ünvan şərti olaraq qeyd edilməlidir. Digər məsələ isə Vətəndaşlara onların şəxsiyyət vəsiqələrinin və ya pasportlarının verilməsindən (dəyişdirilməsindən) əsassız imtina edilməsi qanunverciliyinə əsasən inzibati məsuliyyət yaradır", - deyə o bildirib.
Hüquqşünasın sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə əsasən, vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına görə xəbərdarlıq edilir və ya iyirmi manat məbləğində cərimə edilir: "Vətəndaşlara onların şəxsiyyət vəsiqələrinin və ya pasportlarının verilməsindən (dəyişdirilməsindən) əsassız imtina edilməsinə, verilməsi (dəyişdirilməsi) üçün qanunvericilikdə nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onların verilməsində (dəyişdirilməsində), habelə vətəndaşın şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısındakı məlumatların dəyişdirilməsində süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə görə beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir".
Şəbnəm Mehdizadə