- 10:44
Məlum olduğu kimi, Azərbaycanda Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik təklif edilir. Təklif olunan dəyişikliyə əsasən, məhkəmənin qərarı olmadan axtarış və ya götürmənin həyata keçirilə biləcəyi halların dairəsi genişləndirilir.
Belə ki, təxirə salına bilməyən hallarda müstəntiq, şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dair İKT sisteminin, onun hissələrinin, elektron verilənlərin saxlanıldığı daşıyıcıların və ya elektron verilənlərin gizlədilməsi və ya məhv edilməsi ehtimalı barədə dəqiq məlumat olduqda, məhkəmənin qərarı olmadan axtarış və ya götürmə həyata keçirə biləcək. Əldə edilən sübutlar və əməliyyat-axtarış fəaliyyətinin materialları, İKT sistemində, onun hissələrində, elektron verilənlərin saxlanıldığı daşıyıcılarda və ya elektron verilənlərdə iş üzrə sübut ola biləcək məlumatların olması barədə kifayət qədər əsaslar verərsə, həmin sistemlərdə axtarış aparılacaq və mütəxəssis iştirakı ilə verilənlər götürüləcək.
E-huquq.az xəbər verir ki, sözügedən dəyişiklik barədə sosial şəbəkələrdə cəmiyyətdə çaşqınlıq və narahatlıq yaradan informasiyalar yayılıb. Belə ki, dəyişikliklərlə bundan sonra istənilən şəxsin telefonuna müdaxilə edilə biləcəyi iddia olunub.
Vəkil Emin Kiçikbəyov bu məsələyə aydınlıq gətirib.
"Bəzi insanlarda belə bir təsəvvür formalaşıb ki, müstəntiq hər kəsin telefonuna, kompüterinə və digər elektron cihazlarına baxa, şəxsin icazəsi olmadan onun məlumatlarını götürə bilər. Əslində bu belə deyil. Burada söhbət barəsində cinayət işi açılmış şəxsdən gedir. Yəni, müstəntiq barəsində cinayət işi açılan şəxsin telefonuna baxa bilər, onun danışıqları çıxarıla bilər. Əslində burada ciddi bir dəyişiklik yoxdur. Sadəcə olaraq məhkəmənin qərarı olmadan müstəntiqə bu səlahiyyətlər verilir. Ona görə də, bu məqama xüsusi fikir vermək lazımdır. İnsanları təşvişə salmaq lazım deyil. İcazə olmadan heç bir şəxsin telefonuna baxış keçirmək olmaz, müdaxilə edilə bilməz. Bu qanunvericilikdə birbaşa cinayətdir. Bu barədə cəmiyyətə dəqiq və düzgün məlumat verilməlidir", - deyə vəkil qeyd edib.
Şəbnəm Mehdizadə