- 29 May 11:52
Azərbaycan Respublikası Mülki Məcəlləsində vətəndaşın mülkiyyət hüquqları öz əksini tapıb. Bu Məcəllənin 203-cü maddəsində mülkiyyət hüququnun itirilməsi növlərindən bəhs edilir.
E-huquq.az-ın məlumatına görə, vətəndaşın mülkiyyət hüququ aşağıdakı hallarda itirilə bilər.
- Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.
- Daşınar əşyanın mülkiyyətçisi mülkiyyət hüququndan imtina etdikdə, əşya məhv olduqda və ya sonralar hər hansı başqa şəxs bu əşyaya mülkiyyət hüququnu əldə etdikdə, sahibliyin itib-itməməsindən asılı olmayaraq, daşınar əşyaya mülkiyyət hüququ itirilir.
Bəs hansı halda əmlak mülkiyyətçidən məcburi qaydada alına bilər?
Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir:
- öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi;
- qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi;
- sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi;
- təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması;
- rekvizisiya;
- müsadirə.
Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə özgəninkiləşdirilir. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə əsasən həyata keçirilir.