Alimentin məbləği uşaqlar üçün yaşayış minimumundan aşağı təyin oluna bilərmi?


  • 5 Yanvar 2022 15:26

Xəbər verdiyimiz kimi, "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib. Bununla da ölkəmizdə alimentin minimum miqdarı 175 manatdan 193 manata qaldırılıb. Aliment miqdarının artırılması isə vətəndaşlarda müəyyən sualların yaranmasına səbəb olub.

Vəkil Nərmin Əliyeva e-huquq.az-a açıqlamasında vətəndaşları maraqlandıran suallara aydınlıq gətirib.

O, yaşayış minimumunun artırılması ilə alimentin də avtomatik artırılıb-artırılmaması ilə bağlı suala cavab olaraq bildirib ki, bu halda aliment məbləğinin artırılması barədə iddia ilə müraciət edilməlidir: "Hazırda vətəndaş bununla bağlı öncə mediasiya təşkilatına müraciət etməli, razılıq olmadıqda isə məhkəməyə getməlidir. Yəni, bu məbləğ avtomatik artırılmır. Əgər əvvəlki illərdə aliment kəsilibsə, həmin aliment məbləğinin cari ilin yaşayış minimumu səviyyəsinə qaldırılması üçün vətəndaş ayrıca iddia ilə məhkəməyə müraciət etməlidir. Bu kimi iddialar 90 faiz hallarda təmin olunur. Çünki ölkə üzrə yaşayış minimumu müəyyən olunubsa, uşaqlar üçün də həmin meyar əsas götürülür".

Vəkil bildirib ki, istisna hallarda həmin iddiaların rədd edilməsi mümkündür: "Atanın əmək qabiliyyəti olmadıqda və digər aliment öhdəlikləri olduqda alimentin artırılması ilə bağlı iddia təmin olunmaya bilər".

Nərmin Əliyeva

N.Əliyeva yaşayış minimumunun miqdarından daha az məbləğdə aliment təyin olunması kimi hallara da münasibət bildirib: "Valideynin əmək qabiliyyəti olmadıqda, sağlamlıq imkanları məhdud olduqda hakimin qərarından asılı olaraq, mimimum aliment məbləğindən daha az aliment təyin oluna bilər. Əslində yaşayış minimumundan aşağı məbləğdə aliment təyin olunması uşaq hüquqlarının pozulması kmi qiymətləndirilə bilər. Amma dediyim kimi, orada müəyyən istisna hallar nəzərə alınır. Bu məbləğ də uşaqlar üçün yaşayış minimumuna yaxın məbləğdə müəyyən olunur. Məsələn, hazırda yaşayış minimumu uşaqlar üçün 193 manatdırsa, aliment 180 manat məbləğində təyin oluna bilər. Praktikada belə hallara mümkündür. Lakin bu kimi hallara çox az rast gəlinir. Əksər hallarda yaşayış minimumu əsas götürülür".

Xəyalə Bünyatova

Oxşar xəbərlər