- 16:01
Bakıda söyüş üstündə törədilmiş qətldə təqsirləndirilən yeniyetmələr Elmidar Məmmədquliyev və Qismət Nağıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən M.Elmidar 7 il 9 ay, N.Qismət 7 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Aparılmış istintaqla müəyyən edilib ki, 2024-cü ilin iyununda yetkinlik yaşına çatmayan Qismət Nağıyev və Elmidar Məmmədquliyev doğum günü münasibətilə "Huqqa" restoranına gediblər. Gecə saatlarında "McDonald's" yaxınlığında tanışları ilə birlikdə olduqları vaxt, sərxoş vəziyyətdə olan Nicat Bədəlovla aralarında mübahisə yaranıb. Mübahisəni aydınlaşdırmaq məqsədilə tərəflər "Əcəmi" metrosu yaxınlığına gediblər. Orada Elmidar Məmmədquliyev bıçaqla Nicat Bədəlova hücum edərək onu qarın və bud nahiyəsindən yaralayıb. Nicat hadisə yerindən qaçsa da, sonradan xəstəxanada ölüb.
Hadisədən sonra Elmidar Məmmədquliyev və Qismət Nağıyev saxlanılıb. Hər ikisinə qarşı CM-nin 120.2.1, 120.2.2 və 228.4-cü maddələri ilə ittiham irəli sürülüb.
Humay Eminqızı