Süni intellektin elmi tədqiqatlarda istifadəsi sürətlə genişlənərkən, elmi ictimaiyyətdə məlumatların etibarlılığı və tədqiqat etikası ilə bağlı müzakirələr də kəskinləşir. Mütəxəssislər süni intellekt vasitəsilə yaradılan saxta məlumatların və saxta elmi məqalələrin elmi inkişaf prosesinə ciddi zərər vura biləcəyi barədə xəbərdarlıq edirlər.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən ay “OpenAI” riyaziyyatın həll olunmamış ən mürəkkəb problemlərindən biri hesab edilən “Navye-Stoks” tənliklərinin süni intellekt tərəfindən 88 saata həll edildiyini açıqlayıb.
Lakin bu açıqlamadan qısa müddət əvvəl riyaziyyatçı Tristan Bakmaster rəqib şirkət “Anthropic”də çalışan Levent Alpöge ilə apardıqları müstəqil tədqiqatın “OpenAI”ın sisteminin işinə təsir göstərmiş ola biləcəyindən narahatlığını ifadə edib.
Məlumata görə, iki tədqiqatçı öz işlərinin ilkin versiyalarını “OpenAI”ın “Codex” adlı kodlaşdırma alətində saxlayıb. “OpenAI” isə irəli sürülən iddiaları təkzib edib.
Bu mübahisə süni intellektin elmi tədqiqatların orijinallığına və müəlliflik hüquqlarına mümkün təsirini yenidən gündəmə gətirib.
Elmi jurnallar süni intellektin yaratdığı saxta məqalələrin artması ilə mübarizədə çətinlik çəkirlər.
Belçikanın Gent Universitetinin professoru Dmitri Kobakın araşdırmasına əsasən, bir milyondan çox biotibbi məqalənin təhlili zamanı onların təxminən 90 faizində süni intellektin izlərinə rast gəlinib.
Stanford Universitetində aparılan başqa bir tədqiqat isə elmi məqalələrin rəy qiymətləndirmələrinin 17 faizinin süni intellekt vasitəsilə yazıldığını göstərib.
Bundan əlavə, Kornell Universitetinin tədqiqatçıları ötən il 147 min saxta mənbəyə istinad edildiyini müəyyənləşdiriblər.
Mütəxəssislər saxta məlumatların elmi araşdırmaların nəticələrini təhrif edə, alimləri yanlış istiqamətə yönəldə və dövlət vəsaitlərinin səmərəsiz xərclənməsinə səbəb ola biləcəyindən narahatdırlar.
“Google DeepMind” tərəfindən hazırlanan və zülalların üçölçülü quruluşunun müəyyənləşdirilməsində mühüm irəliləyiş hesab olunan “AlphaFold” modeli elmdə əhəmiyyətli nailiyyətlərdən biri kimi qiymətləndirilir.
Bununla belə, şirkətin kristal strukturları ilə bağlı son proqnozları insan alimləri tərəfindən kifayət qədər yoxlanılmadığına görə tənqid olunub.
Süni intellektə etimadla bağlı narahatlıqların artması fonunda “Elsevier” və “Nature” kimi aparıcı elmi nəşriyyatlar nəzarət tədbirlərini gücləndiriblər.
Nəşriyyatlar süni intellektin elmi tədqiqatlarda yalnız köməkçi vasitə kimi istifadə edilməli olduğunu və araşdırmaların nəticələrinə görə məsuliyyətin tamamilə insanlarda qalmasının vacibliyini vurğulayırlar.
Ekspertlərin fikrincə, süni intellekt elmi araşdırmaları sürətləndirmək və yeni kəşflərə yol açmaq potensialına malik olsa da, onun yaratdığı nəticələrin yoxlanılması, mənbələrin etibarlılığının təsdiqlənməsi və elmi etikanın qorunması əsas şərtlər olaraq qalır.
Şəbnəm Mehdizadə
