Çin hökuməti ölkədə ailələrin ilk dəfə uşaqlarla müqayisədə daha çox yaşlı əhaliyə qayğı göstərdiyini açıqlayıb. Ötən həftə açıqlanan rəsmi məlumatlara görə, ötən il Çində əmək qabiliyyətli əhaliyə nisbətdə qayğıya ehtiyacı olan yaşlıların payı 23 faizə yüksəlib. Bu göstərici uşaqlar üzrə qeydə alınan 22 faizlik göstəricini geridə qoyub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu rəqəmlər dünyanın ikinci ən böyük iqtisadiyyatına malik Çində işçi qüvvəsinin azalmasının ölkə iqtisadiyyatına və qlobal iqtisadi artıma mümkün təsirlərinin qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Analitiklər bildirirlər ki, son statistik göstəricilər Çinin əhalinin yaşlanması ilə mübarizəsində mühüm dönüş nöqtəsidir. Bu tendensiya ailələrin maliyyə vəziyyətinə, pensiya sisteminə və səhiyyə xərclərinə təsir göstərə bilər.
Son illərdə yaşlı əhalinin payının artmasına hazırlaşan Çin hakimiyyəti gəncləri evlənməyə, ailələri isə daha çox uşaq sahibi olmağa təşviq edir.
Çin Milli Statistika Bürosunun son məlumatlarına əsasən, hazırda ölkədə 65 və daha yuxarı yaşda olan insanların sayı 223 milyonu ötür. Bu, ümumi əhalinin təxminən 16 faizini təşkil edir.
Eyni zamanda, ölkədə 14 yaşadək uşaqların sayı təxminən 213 milyon nəfərdir. Statistik göstəricilərlə bağlı ayrıca rəsmi açıqlama verilməyib.
“Global Times” nəşri yazıb ki, ölkənin əhalinin orta səviyyədə yaşlandığı cəmiyyət mərhələsinə keçməsi doğum göstəricilərinin əvvəlki dövrlərdəki səviyyəsi və insanların ömür uzunluğunun artması da daxil olmaqla bir sıra amillərlə bağlıdır.
Nəşrin məlumatına görə, bu dəyişiklik pensiya, səhiyyə və uzunmüddətli qayğı sistemlərinə əlavə təzyiq yarada bilər. Bununla yanaşı, yaşlı istehlakçıların ehtiyaclarına yönələn və “gümüş iqtisadiyyat” adlandırılan sahədə yeni imkanlar yarana bilər.
“Global Times” qəzetinə danışan tədqiqatçılardan biri baş verənlərin qısamüddətli hadisə deyil, demoqrafik inkişafda tarixi tendensiyanın göstəricisi olduğunu bildirib.
Honq-Konq Elm və Texnologiya Universitetinin professoru Stüart Gitel-Basten demoqrafik dəyişikliklərin simvolik əhəmiyyət daşıdığını bildirib. Onun fikrincə, bu tendensiya dövlət xərclərinin ailələrə və məktəblərə ayrılan hissəsinin azalaraq pensiya və səhiyyə xidmətlərinə yönələn hissəsinin artmasına səbəb ola bilər.
Sinqapur Milli Universitetinin sosiologiya üzrə müəllimi Mu Zheng isə əhalinin yaşlanmasının ölkənin iqtisadi hədəfləri qarşısında ciddi çətinlik yaratdığını deyib. Onun sözlərinə görə, bu proses təkcə iqtisadi artımı deyil, əhalinin istehlak imkanlarını da məhdudlaşdıra bilər.
Çində əhalinin yaşlanması sürətli şəhərləşmə və 1980-ci ildən 2015-ci ilin sonunadək tətbiq edilən mübahisəli tək uşaq siyasəti də daxil olmaqla bir sıra amillərlə əlaqələndirilir. Çin hökuməti sürətli əhali artımını nəzarətdə saxlamaq məqsədilə həyata keçirilən bu siyasət nəticəsində təxminən 400 milyon doğumun qarşısının alındığını iddia edir. Bununla belə, həmin rəqəm mübahisəli olaraq qalır.
Mu Zhengin fikrincə, tək uşaq siyasəti əhalinin azalmasında mühüm rol oynayıb. Nəticədə, sayı getdikcə artan yaşlı qohumlara dəstək göstərə biləcək gənclərin sayı azalır.
Pekin hakimiyyəti ailələrin uşaq sayına qoyulan məhdudiyyətləri yumşaltsa da, cütlükləri daha çox uşaq sahibi olmağa təşviq etməkdə çətinlik çəkir. Ölkədə doğum səviyyəsi tarixi minimuma enib.
Mu Zheng doğum səviyyəsinə təsir edən digər amillər arasında gender rollarının dəyişməsini, yaşayış xərclərinin artmasını və təhsil səviyyəsinin yüksəlməsini də qeyd edib.
Pekin hakimiyyəti yaşlı əhaliyə dəstəyin genişləndirilməsini bu ilin əvvəlində açıqlanan beşillik iqtisadi planın əsas istiqamətlərindən birinə çevirib. Təqaüdçülərə ayrılan maliyyə yardımları Çin hökumətinin ümumi xərclərində getdikcə daha böyük pay tutur. Rəsmi məlumatlara görə, 2025-ci ilin sonuna 53 milyondan çox yaşlı şəxs yaşa görə müavinət və digər dəstək növlərindən yararlanıb.
“Global Times” nəşri qeyd edib ki, 1950-1970-ci illər arasında doğulan və hazırda yaşlılıq dövrünə qədəm qoyan insanların bir çoxu əvvəlki nəsillərlə müqayisədə daha yüksək gəlirə, daha böyük alıcılıq qabiliyyətinə və daha yaxşı sağlamlıq vəziyyətinə malikdir.
Şəbnəm Mehdizadə
