Ağstafada 41 yaşlı kişi keçmiş iş yoldaşının adına bank kartı sifariş etdirərək həmin kartdan 1400 manat pul çıxarıb.
E-huquq.az-ın məlumatına görə, Ağstafa Rayon Məhkəməsində hakim Natiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, təqsirləndirilən şəxs keçmiş iş yoldaşının etibarından sui-istifadə edərək onun adına bank kartı sifariş etdirib.
Belə ki, o, zərərçəkmişə zəng edərək Rusiyada gördüyü işə görə ona pul göndərilməli olduğunu və bunun üçün əlavə bank kartına ehtiyac duyduğunu bildirib. Bu məqsədlə zərərçəkmiş şəxsdən şəxsiyyət vəsiqəsinin şəklini istəyib. Daha sonra onun adına elektron qaydada bank kartı sifariş etdirib.
Zərərçəkmiş şəxs kartı bank filialından təhvil aldıqdan sonra üzərindəki 16 rəqəmli kart nömrəsini, OTP kodunu və şifrəni keçmiş iş yoldaşına göndərib. Bundan istifadə edən təqsirləndirilən şəxs bankın mobil tətbiqi vasitəsilə karta daxil olub və hesabdakı 1400 manatı öz adına olan digər bank kartına köçürüb. Bank tərəfindən əməliyyata görə 28 manat komissiya tutulduqdan sonra qalan vəsaiti bankomatdan nağdlaşdırıb.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs əməlini etiraf edib. O, zərərçəkmişin kartından 1400 manat çıxardığını, lakin bunu xüsusi proqram vasitəsilə deyil, bankın mobil tətbiqi ilə etdiyini bildirib.
Təqsirləndirilən şəxs ifadəsində keçmiş iş yoldaşına qarşı bu addımı işdən ayrıldığı zaman ona dəstək göstərməmələri səbəbindən qəzəbləndiyi üçün atdığını deyib. O, kartdan pul çıxardığı gün zərərçəkmişə vəsaiti bir həftə ərzində qaytaracağını vəd etsə də, sonradan bunu etməyib.
O, həmçinin məhkəmə istintaqı dövründə zərərçəkmişə 900 manat ödədiyini, törətdiyi əməldən peşman olduğunu bildirib. Təqsirləndirilən şəxs səhhətində problemlərin olduğunu və himayəsində azyaşlı uşaqların yaşadığını əsas gətirərək məhkəmədən yüngül cəza istəyib.
Zərərçəkmiş şəxs isə ifadəsində təqsirləndirilən şəxsə əvvəllər etibar etdiyini, lakin bank kartından pul çıxarıldıqdan sonra vəsaitin qaytarılmadığını bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə təqsirləndirilən şəxslə əlaqə saxlasa da, nəticə əldə edə bilməyib və sonda polisə müraciət edib.
Zərərçəkmiş şəxs qeyd edib ki, təqsirləndirilən şəxsin yaxınları tərəfindən ona 900 manat ödənilsə də, dəymiş ziyan tam qarşılanmayıb. O, məhkəmədən təqsirləndirilən şəxsin azadlıqdan məhrum edilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
Şəbnəm Mehdizadə
