Bakıda fəhlə kimi işlədiyi mənzildən 14 min ABŞ dolları oğurlamaqda təqsirləndirilən şəxsə hökm oxunub.
E-huquq.az-ın məlumatına görə, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Camal Bayramov (şərti ad-soyad) 2026-cı ildə fəhlə kimi işləmək üçün getdiyi mənzildən 14 min ABŞ dolları oğurlayıb.
Belə ki, o, mənzilin mətbəxindəki soyuducunun arxasında gizlədilmiş, həmin vaxtın məzənnəsi ilə 23 min 800 manat dəyərində olan 14 min ABŞ dollarını götürərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurub.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, tanışının etibarnamə ilə verdiyi yük avtomobili ilə müxtəlif ünvanlara əşyaların daşınması ilə məşğul olub.
Hadisə günü zərərçəkmiş şəxs ona zəng edərək soyuducu, paltaryuyan maşın və yataq otağındakı dolabın bir mənzildən digərinə daşınmasını istəyib. O, tanışı ilə birlikdə ünvana gedərək əşyaları avtomobilə yükləyib. Soyuducunu çəkərkən üzərinə sellofan paket düşüb. Paketə baxdıqda içərisində pul olduğunu görən təqsirləndirilən şəxs vəsaiti götürərək cibinə qoyub.
Əşyaları digər ünvana çatdırdıqdan sonra paketi yoxlayan şəxs içərisində 14 min ABŞ dolları olduğunu müəyyən edib. O, pulun 8 min 700 dollarını saxlayıb, 5 min 300 dollarını isə müxtəlif yerlərdə manata dəyişib.
Həmin gün axşam saatlarında zərərçəkmiş şəxs ona zəng edərək pulun itdiyini bildirib və geri qaytarılmasını tələb edib. Bundan sonra təqsirləndirilən şəxs mənzilə qayıdaraq 8 min 700 dollar və 8 min 480 manat qaytarıb. O, 300 dollar xərclədiyini və qalan məbləği də ödəyəcəyini bildirib.
Təqsirləndirilən şəxs məhkəmədə əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və dəymiş ziyanın bir hissəsini ödədiyini qeyd edib. O, qalan 2 min manatı zərərçəkmişə çatdırılması üçün müstəntiqə təhvil verdiyini də bildirib.
Məhkəmənin hökmü ilə C.Bayramov Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
Şəbnəm Mehdizadə
