Məzmuna keç

“Biz reallığı görməyə bilərik, amma məhkəmə zalları çox şeyə şahiddir”

Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanın öz fəaliyyəti haqqında Milli Məclisə illik məlumatını məqbul hesab etdim və müsbət münasibətimi də bildirdim. Lakin hesab edirəm ki, bu konseptual yanaşma ilə bərabər bu gün gender bərabərsizliyinə rəvac verən bir neçə hüquqi problemin həllinə köklü yanaşmaqla bərabərsizliyə gətirib çıxaran problemləri həll edə bilərik.

Əvvəlcə qeyd edim ki, biz belə müzakirələrin axarına düşərkən hər şeydən öncə milli ənənə və qərb dəyərləri arasında balansı qorumalıyıq. Elə etməliyik ki, qərbin bəzi ölkələrində dağılmış, məhv olmuş ailə dəyərlərinin, itmiş münasibətlərin gender bərabərliyi adı altında kütləvi idxalına rəvac verməyək. Təbii ki, mən o qənaətdə deyiləm ki, bizdə gender əsaslı problem yoxdur, bəli, var. Amma yenə deyirəm, həllini elə axtarmalıyıq ki, çoxəsrlik milli ailə institutumuz zədələnməsin.

Konkret təkliflərə gəlincə, birincisi, biz nikah müqaviləsini icbari formata salmalıyıq. Necə ki, nikahdan öncə tərəfləri icbari tibbi müayinəyə cəlb edirik, eləcə də nikah üçün müraciət edərkən nikah müqaviləsi də aidiyyatı icra orqanına təqdim edilməlidir. Bunun üçün, tərəflərin bərabər mənafelərini rəhbər tutaraq müqavilə nümunəsi də Ailə Məcəlləsinə əlavə kimi nəzərdə tutulmalıdır ki, xüsusi şərtləri olmayan tərəflər elə bu formadan istifadə etsinlər. Üstəlik, nikah kontraktında ərin (arvadın) öhdəlikləri üzrə tutmanın digərinin mülkiyyətində olan əmlaka, habelə ümumi əmlakındakı payına yönəlməsini yalnız tərəfin özünün bir başa iradəsinə bağlamalıyıq. Biz bununla yersiz məhkəmə çəkişmələrinin qarşısını ala, ikincisi isə boşanma prosesində, xüsusən qadınların hüquqları üçün ciddi təhdidləri aradan qaldırmış olarıq.

Digər təklifim, ər-arvadın birgə mülkiyyətinin qanuni rejimi ilə bağlıdır. Məlumdur ki, istər Ailə Məcəlləsi, istərsə də Mülki Məcəllə ilə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

Lakin biz görürük ki, adətən kişilər birgə nikah dövründə əldə edilən mülkiyyəti boşanma zamanı hansısa qanunsuz yollarla ələ keçirirlər. Düzdür, qanun buna mane olmaq üçün müddəalar müəyyən edib, birgə əmlakla bağlı sərəncam verilməsi üçün razılıq tələb olunur. Lakin detallı demək istəməsəm də, etiraf edək ki, təcrübədə çoxsaylı başqa hallar müşahidə olunur. Bunun qarşısını almaq üçün impertiv qaydada müəyyən etməliyik ki, nikah dövründə əldə edilən əmlak dövlət qeydiyyatına paylı mülkiyyət kimi alınsın. Sadə dildə desəm, çıxarışda həm ər, həm da arvadın birgə adı yazılsın.

Burada başqa bir nüans meydana çıxır, məhkəmə təcrübəsində bir çox hallarda aydın olur ki, kişi əmlak aldıqda onun digər hər hansı yaxınının adına keçir ki, boşanma ehtimalı olsa, birgə mülkiyyət hesab edilməsin. Bunun qarşısını almaq üçün çox sadə bir üsulu var. Nikah dövründə kimin adında olmasından asılı olmayaraq, alqı-satqısı həyata keçirilmiş əmlak sonradan ərə, yaxud arvada bağışlanarsa, ərlə arvadın ümumi əmlakı kimi bölünməlidir.

Bundan başqa, boşanma prosesi bizdə bəzən zorakılığın kökündə dayanan amil olur. Artıq mediasiya prosesi mövcuddur və mediatorlar işləyirsə, biz boşanma prosesini niyə məhkəmələrə həvalə edirik ki? Mübahisə varsa, başqa məsələ, amma mübahisə yoxdursa, üstəlik, nikah müqaviləsi də varsa, biz Ailə Məcəlləsinin 17-ci maddəsində olduğu kimi, boşanma prosesini Qeydiyyat idarələrinə həvalə etməliyik. Nikah könüllü ittifaqdır, adam istəmirsə, onun aylarla məhkəmədə sürünməsinə nə gərək var? Barışma ehtimalı varsa, onsuzda mediasiya prosesində müəyyən olunacaq.

Habelə, alimentlə bağlı problemlər var. Təəssüf ki, bu məsələdə birtərəfli yanaşma hökm sürür. Alimenti formallıq xatirinə müəyyən etməməliyik. Bizdə məhkəmələr indi Ailə Məcəlləsinin 76, yaxud 78-ci maddələrini rəhbər tutub aliment öhdəliyi müəyyən edirlər. Amma təsəvvür edin, 300 manata işləyən vicdanlı bir valideyn, istəsə belə, 3 uşağa görə normal ödəniş edə biləcəkmi? İndi "Aliment Fondu" barədə tələblər var. Amma tutaq ki, ata dövlətin də borcunu ödəmədi, yəni söhbət vicdanlı atadan gedir, bu zaman nə edəcəyik? Məhkəmə qərarını kasıb olduğuna görə icra etmədiyi üçün valideyni məsuliyyətə cəlb edəcəyikmi? Hesab edirəm ki, ciddi düşündürücü məsələlər və parlamentdən, dövlət idarəsindən biz bəzən reallığı görməyə bilirik, amma məhkəmə zalları çox şeyə şahiddir. Ona görə də hesab edirəm ki, bu məsələdə də daha fərqli bir formul tapmalıyıq.

Bəhruz Məhərrəmov,

Millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü