İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ziyadxan Murtuzayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilib.
İş hakim Ülvi Qənbərovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə martın 17-si saat 23 radələrində İmişli-Boşçallar-Sarıxanlı avtomobil yolunun Sarıxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1956-cı il təvəllüdlü Murtuzayev Həsənbala oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən asfalta uzanmış İmişli rayonunun Boşçallar kənd sakini, 1973-cü il təvəllüdlü Xasayev Fərman Qəhrəman oğlunun üzərindən keçib. Nəticədə F.Xasayevi avtomobillə vuran Z.Murtuzayev nəqliyyat vasitəsini saxlamayaraq hadisə yerindən qaçıb. Z.Murtuzayevə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
