Samuxda həmkəndlisinin ölümünə səbəb olmaqda təqsirləndirilən Ramil Bəşirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Dadaş İmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələllik məlum deyil.
Qeyd edək ki, hadisə fevralın 20-si Samux rayonunun Çobanabdallı kəndi ərazisində baş verib. 1989-cu il təvəllüdlü Oqtay Əliyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı zərərçəkmişin üz nahiyəsinə 1993-cü il təvəllüdlü Ramil Bəşirovun yumruqla vurması nəticəsində yıxılması və hadisə yerində ölməsinə əsaslı şübhələr müəyyən edilib. R.Bəşirova qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
