İyunun 9-da Şirvan Apellyasiya Məhkəməsində vəkillərin iştirakı ilə seminar-diskussiya keçirilib.
E-huquq.az xəbər verir ki, Ali Məhkəmə sədrinin təşəbbüsü ilə yaradılan "Femida Dialoq Platforması" çərçivəsində keçirilən tədbirdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədr müavini Şahmar Məmmədov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, məhkəmənin hakimləri və vəkillər iştirak edib.
Seminarda cinayət, mülki, kommersiya və inzibati işlər üzrə apellyasiya və kassasiya şikayətlərinin verilməsinin mümkünlüyü məsələləri müzakirə edilmiş, apellyasiya və kassasiya şikayətlərinin qeyri-mümkün hesab edilməsinə əsas olmuş nöqsanlar ümumiləşdirilmiş şəkildə diqqətə çatdırılıb. Bu barədə qanunvericiliyin tələbləri və ayrı-ayrı konkret hallar üzrə məsələlər müzakirə edilib.
Eyni zamanda hakimlər və vəkillər arasında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı ortaya çıxan problemlər geniş müzakirə olunmuş, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi üçün qarşılıqlı olaraq irəli sürülmüş təkliflər geniş və əhatəli araşdırılıb.
Sonda Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədr müavini Şahmar Məmmədov vəkillərə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, şəffaflığın və ədalət mühakiməsinə əlçatımlığın təmin olunması məsələlərində fəal və effektiv iştirak etmələrini tövsiyə ediblər.
