Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Eynullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, N.Eynullayev 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə Masallı-Digah-Təzə Alvadı avtomobil yolunun Masallı rayonu Banbaşı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Masallı rayon sakini Namiq Eynullayevin idarə etdiyi “VAZ 217030” markalı avtomobil Miri Ağayevin idarə etdiyi “VAZ 21043” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ 21043” markalı avtomobil yolun kənarındakı su kanalına aşıb və sürücü M.Ağayev hadisə yerində ölüb. Namiq Eynullayev qardaşına məxsus avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnamə olmadan idarə edirmiş. Ona qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.
Şəbnəm Mehdizadə
