Cari ildə birinci instansiya məhkəmələrinə 280 minədək iş daxil olub.
E-huquq.az xəbər verir ki, bu barədə Ali Məhkəmənin Mülki kollegiyasının sədri və Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev məlumat verib.
Onlardan 200 minədək mülki iş, 22 mindən artıq cinayət işi, 40 minədək inzibati iş və 15 minədək kommersiya işi olub.
Onun sözlərinə görə, 2023-cü ildə Ali Məhkəməyə ümumilikdə 13.500 iş daxil olub: "Onlardan 5 600 mülki, 3 400 cinayət işi, 3 700 inzibati və 760 kommersiya işi olub"
S.Hacıyev bildirib ki, ötən illə müqayisədə daxil olan işlərin sayında ən çox 30 faiz həddində artım inzibati işlər üzrə olub.
O qeyd edib ki, bütün instansiya məhkəmələrinə daxil olan işlərin təqribən 70-80-%-nə mahiyyəti üzrə baxılaraq yekun nəticə verilir.
"Təqdim edilən məlumatlardan göründüyü kimi, birinci instansiya məhkəmələrinə daxil olan işlərdən kateqoriyasından asılı olaraq Ali Məhkəməyə təqribən 3-5% hissəsi daxil olur. Bu isə məhkəməyə müraciət edən şəxslərin məhkəmələrə olan inamının əks etdirən ciddi göstəricidir.
Cari və ötən ilin təhlili onu göstərir ki, apellyasiya instansiya məhkəmələrinə birinci instansiya məhkəməsinə daxil olan mülki işlərin cəmi 10 faizi, Ali Məhkəməyə isə apellyasiyaya daxil olan işlərin cəmi 30 faizi daxil olur. Görünən odur ki, tərəflər əsasən birinci instansiya məhkəmələri tərəfindən qəbul edilən mülki işlər üzrə məhkəmə aktlarının cəmi 90 faizindən, apellyasiya instansiyası məhkəmələrinin qərarlarının isə 70 faizi ilə razılaşırlar", – deyə S.Hacıyev bildirib.
