Məzmuna keç

Ağsuda 64 yaşlı kişinin ölümündə təqsirləndirilən sürücüyə 5 il cəza verildi

Ağsuda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Fuad Zərbalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsinə hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, F.Zərbalıyev Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2023-cü ilin iyun ayında Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun Ağsu rayonu Muradlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1992-ci il təvəllüdlü Fuad Zərbalıyevin sürücülük vəsiqəsi olmadan idarə etdiyi "Mercedes Benz C200" markalı avtomobillə 1959-cu il təvəllüdlü Əkbər Mehdiyevin idarə etdiyi "Qaz 3110" markalı avtomobil toqquşub. Ağır xəsarət alan Ə.Mehdiyev Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra isə müalicə üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və Ə.Mehdiyev qəzadan 2 həftə sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Şəbnəm Mehdizadə