Salyanda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Qurban Gözəlovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Oruc Cəlilovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Salyan rayonunun Xalac kəndi ərazisində həmin kənd sakini, 1952-ci il təvəllüdlü Qurban Gözəlov idarə etdiyi “Ford” markalı mikroavtobusla hərəkətdə olan zaman idarəetməni itirib və nəqliyyat vasitəsini yol kənarındakı su kanalına aşırıb. Hadisə nəticəsində mikroavtobusda sərnişin qismində olan Xalac kənd sakini, 1962-ci il təvəllüdlü B.Eyyubova həyatını itirib, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
