Müdafiə Nazirliyinin həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru qoşunların maliyyə idarəsinin sabiq rəisi, polkovnik Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
E-huquq.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Fikrət Əliyevin sədrliyi ilə baş tutan məhkəmə prosesində ümumilikdə cinayət işində olan 77 cilddə olan sənədlər elan edilib. Həmin sənədlərin əksəriyyəti mühasibatlıq və maliyyə aktlarından ibarət olub.
Sənədlərdə qeyd olunub ki, Müdafiə Nazirliyinin katibliyinin işlər idarəsində ümumilikdə 2018-2021-ci illərdə 16 milyon 84 min 837 min manat əsassız ödənişlər edilib.
Növbəti proses avqustun 23-də davam edəcək.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Orxan Rasifoğlu
